BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb
Koreya Respublikası İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupunun rəhbəri Jungho Kim Bakı Mühəndislik Universitetində (BMU) olub.
Qonaqla görüşən rektor Yaqub Piriyev iki universitet arasında icrası uğurla davam edən ikili diplom proqramının (BMU-İNHA İDP) əlaqələri daha da gücləndirdiyini vurğulayıb, həmçinin gələcək əməkdaşlığın perspektivlərinə toxunub. Rektor bildirib ki, qlobal iqlim böhranına cavab verməklə bağlı ötən il BMU ilə Layihə Qrupu arasında imzalanan tərəfdaşlıq sazişi istiqamətində konkret fəaliyyət planının ortaya qoyulması müsbət haldır və səmərəli əməkdaşlığın gözəl nəticələr verəcəyinə inanır.
BMU-da yenidən olmaqdan məmnunluğunu dilə gətirən Layihə Qrupunun rəhbəri Jungho Kim qlobal iqlim dəyişikliyi istiqamətində atılacaq birgə addımlar, həyata keçiriləcək digər layihələrlə bağlı ətraflı məlumat verib.
Sonra İqlim Böhranına Cavab Layihə Qrupunun rəhbəri Jungho Kim və BMU rektoru Yaqub Piriyev “Qlobal iqlim böhranına cavab vermək üçün əməkdaşlığın qurulması” haqqında razılaşma sazişini imzalayıblar.
Sənədə əsasən, qlobal iqlim böhranına cavab olaraq konvergent bacarıqların istifadəsi üçün yerli təhsil proqramlarının, o cümlədən tələbə və professor-müəllim heyətinin mübadiləsi, onların təcrübə proqramlarının birgə planlaşdırılıb dəstəklənməsi və sair həyata keçiriləcək.
Görüşdə BMU ilə əməkdaşlıq çərçivəsində icra olunacaq layihənin konkret istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Belə layihənin Azərbaycanla yanaşı, 10-a yaxın ölkədə gerçəkləşdirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, BMU-da təcrübə proqramlarına və Yay məktəbinə cəlb olunacaq İNHA-nın tələbə-müəllim heyəti ilə bağlı önəmli detallar razılaşdırılıb və müvafiq sayda BMU tələbələrinin Cənubi Koreyaya səfəri ilə əlaqədar məsələlər də bir daha nəzərdən keçirilib.
Görüş gələcək əməkdaşlığın digər sahələri üzrə fikir mübadiləsinin aparılması ilə başa çatıb.