Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək. Bu barədə xəbəri Prezident İlham Əliyev bir neçə gün öncə yerli televiziya kanallarına müsahibəsində açıqlayıb. Dövlət başçısı qeyd edib ki, yeni inşa ediləcək metro stansiyalarının yerləri artıq seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.
Prezident İlham Əliyevin metro stansiyaları ilə bağlı çıxışından sonra hər kəsi bir sual maraqlandırır: yeni inşa olunacaq 10 yeni metro stansiyası paytaxtın hansı istiqamətlərində olacaq? Yeni stansiyaların nə vaxt istifadəyə verilməsi planlaşdırılır?
Aslan Əsədov: “Ərazi baxımından Ağ Şəhərdə yeni metrostansiyanın inşası reallaşa bilər”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, yeni 10 metrostansiyanın istifadəyə verilməsi 5 il ərzində mümkün ola bilər: “Tikintinin sürəti, ümumi tempi və ağırlıqdan asılı olaraq metrostansiyalar istifadəyə verilər. Hazırda hər kəsi 10 yeni metrostansiyanın hansı ərazidə olacağı maraqlandırır. Deyərdim ki, stansiyalar əsasən şəhərin mərkəzi ərazilərə yaxın olması üçün nəzərdə tutulub. İçərişəhər, Koroğlu, Əhmədli və Həzi Aslanov metrostansiyalarına birləşəcək qovşaqlar nəzərdə tutulur. Onu da deyim ki, ərazi baxımından Ağ Şəhərdə yeni metrostansiyanın inşası reallaşa bilər. Metronun inkişaf konsepsiyasında gələcəkdə Cəfər Cabbarlı, Xətai stansiyasının Həzi Aslanovdan keçməsi gözlənilir. Həmçinin, Köhnə Günəşli, Yeni Günəşli və Suraxanı rayonu ərazisinə metro stansiyaların inşası konsepsiyada nəzərdə tutulub”.
Azər Axundov: “10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir”
Tədqiqatçı Azər Axundov hesab edir ki, 2 ay əvvəl prezidentə təqdim edilən sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir: “Yəni bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir. "B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim. Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq. Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik. Xəritə üzərində stansiyalar təxmini belə yerləşməlidir”.
Günel CƏLİLOVA