Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...
Çox sayda ciddi zərbələrlə üzləşən İran illərcə olmadığı qədər zəif və həssas duruma düşüb. Ağır keçən 2024-cü ildə Tehranın bölgədəki təsir gücü azalıb, əzəli düşmənləri İsrail və ABŞ-yə qarşı hərbi çəkindirmə imkanları zəifləyib, iqtisadiyyatı da taqətdən düşüb.
Ekspertlər deyir ki, İslam respublikası Donald Trampın prezident vəzifələrinin icrasına başlayacağı və Tehranla dünya gücləri arasında nüvə sazişinin müddətinin bitəcəyi bu il boyunca sərt qərarlar verməli olacaq. Məhz belə bir vaxtda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ölkəsinin İrana mümkün hücumu ilə bağlı maraqlı açıqlamalar verib: “ABŞ həddən artıq müdafiə xarakterli davranıb, Çin və İranla qarşı-qarşıya gəlmək üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini məhdudlaşdıra bilər”. Uolts həmçinin “İbrahim Paktı”nı genişləndirmək variantlarından danışb, İrana qarşı maksimum təzyiq strategiyasını canlandırmağı təklif edib. Məlumata görə, Trampın komandası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Eyni zamanda, Tramp prezident vəzifəsinə başlamazdan öncə İranın nüvə silahı istehsalının qarşısını almaq üçün hava hücumları da daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirir. İsrailin baş naziri Benyamin Netanyahu müşavirləri və təhlükəsizlik kabinetinin nazirləri ilə görüş keçirərək, ölkə ordusunun İrana üçüncü hücum ehtimalına hazırlıq səviyyəsini müzakirə edib. Məlumata görə, iclasda Donald Tramp administrasiyasının işə başlayandan sonra Vaşinqtonun İrana qarşı yeni və qəti siyasəti də müzakirə mövzularından biri olub. Londonda yerləşən “Chatham House” beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil bunlar fonunda qeyd edir: “Mən ehtimal edirəm ki, 2025-ci il Tehran üçün çətinliklər və ağrılı seçimlər ili olacaq”. Müttəfiqi olan Suriya prezidenti Bəşər əl-Əsədin dekabr ayında devrilməsi İranın bölgədəki ambisiyalarına ciddi zərbə vurub. Əsəd rejimi dövründə Suriya İranın “dirəniş oxu” adlandırdığı proksi və tərəfdaşlar şəbəkəsinin üzvü idi və Tehranın müttəfiqlərini silahla təchiz etməsinə şərait yaradırdı. Bu müttəfiqlər arasında onillərlə İranın bölgədəki ən mühüm tərəfdaşı olan Livanın “Hizbullah” qrupu da vardı. Bir zamanlar bölgədə hesablaşılmalı qüvvələrdən biri olan “Hizbullah”ın indi, sadəcə, görüntüsü qalıb. İsrailin ötən il gerçəkləşdirdiyi hava bombardmanları və qurudan hücumu qrupun hərbi imkanlarını ciddi ölçüdə zəiflədib və hərbi rəhbərliyini məhv edib. İsrailin Qəzza zolağında Tehranın digər müttəfiqi olan HƏMAS qrupuna qarşı müharibəsi isə İranın Qəzzadakı təsirini yox səviyyəsinə endirib. Ölkə daxilində də işlər bundan daha yaxşı durumda deyil. Milli valyuta ötən il ərzində ABŞ dollarına qarşı dəyərinin 60 faizdən çoxunu itirib. Hökumət xalqın qəzəbindən çəkindiyindən hicab məcburiyyətinə dair ziddiyyətli qanunu rəfə qoymalı olub. Almaniya Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, İranın dini isteblişmenti kritik durumdadır: “Bu, bəlkə də, İslam respublikasının 1980-88-ci illərdə İraqla müharibəsindən sonrakı tarixində ən ağır dönəmdir - yaxud, bəlkə, ondan da ağırdır”.
O bildirib ki, hətta isteblişmentin sosial dəstək bazasının özəyini təşkil edən kütlə hazırda ölkənin daxili və xarici siyasətinin düzgünlüyünü sorğulayır. Bütün bunlar azmış kimi, 2025-ci il İranın nüvə proqramının varlığı üçün həlledici il ola bilər. 2015-ci ildə imzalanan, ancaq demək olar, keçərsiz durumda olan nüvə sazişinin müddəti oktyabrda bitəcək. Sazişin dirçəldilməsi istiqamətində irəliləyişin az olması isə Qərbin səbirsizliyini artırır. Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatanka düşünür ki, İran illərcə istər daxildə, istərsə xaricdə atdığı yanlış addımların acı nəticələri ilə üzləşir və indi kritik nöqtəyə gəlib çıxıb: “İrana şok terapiyası özəyinədək silkələnmək lazımdır ki, bəlkə bu rejimi qurtarmaq mümkün olsun”. Təhlilçilərin fikrincə, Tehran siyasətində ciddi dəyişikliklər etməli və ağır qərarlar verməli, məsələn, çöküşün davam etməsinin önünü kəsmək üçün Tramp administrasiyası ilə əməkdaşlığa getməlidir. 2017-2021-ci illərdə - Trampın ilk prezidentliyi dövründə onun administrasiyası İrana maksimum basqı kampaniyası yürüdürdü. Bura Tehrana qarşı ağır sanksiyaların tətbiqi də daxil idi. Həmidreza Əzizi bu fonda qeyd edir: “Göründüyünə görə, həm daxili, həm də xarici cəbhələrdəki mövcud çətinliklər fonunda Tehranda siyasi dairələr arasında razılığa gəlməyin ən praqmatik çıxış yolu olmasına dair konsensus artmaqdadır”. Aleks Vatanka isə deyir ki, dünya bu cür razılaşmanı alqışlamalı olsa da, bu, dini isteblişmenti qurtarmağa yetməyə bilər: “İrandakı rejimin üzləşdiyi ağır problemlə bağlı Trampın, yaxud başqa kiminsə edə biləcəyi heç bir şey yoxdur. Rejim öz xalqını itirib”.
Samirə SƏFƏROVA