Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...
Mətləb Salahov: “Onlar hədəf seçdikləri ölkələrdə elə cəmiyyətlər formalaşdırmaq istəyirlər ki, orada milli dəyərləri tamamilə itirmiş, zombiləşmiş insan kütləsi olsun”
ABŞ-ın, xüsusən də Qərbin dünyaya yaymaq istədiyi qloballaşma siyasətinin ziyanlı cəhətləri özünü tam çılpaqlığı ilə büruzə verir. Qloballaşma mədəniyyətlərin, milli-mənəvi dəyərlərin əridilməsinə hesablanıb. Amma göründüyü kimi, dünyada gedən proseslər, millətlərin və dövlətlərin dirənişi sayəsində qloballaşma artıq iflasa uğramaqdadır. Əlbəttə, nəticəsi olmayan bir ideyanın, nəsnənin tarixə qovuşması gözlənilməz deyildi.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziayalara müsahibəsində jurnalistlərdən birinin “…Necə düşünürsünüz, qloballaşma, başa düşdüyümüz kimi, artıq son günlərini yaşamırmı” sualına olduqca məntiqli və net cavab verib. Prezident bu barədə deyib: “…Əgər xatırlayırsınızsa, son illər qloballaşma haqqında o qədər də çox eşitmirik. Ola bilər ki, bu, 10, yaxud 15 il əvvəl bir tendensiya olub, lakin o alınmadı. Çünki bir çox ölkə ona qarşı çıxdı. Onun nə məna daşıdığı da bir çox ölkə üçün aydın deyildi. Qloballaşma daha çox ticarətə, yoxsa bütün məsələlərə - əgər belə ifadə etmək olarsa - eyni gözlə baxmaq idi? Bir sözlə, biz buna hər zaman qarşı çıxmışıq və hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda aydın şəkildə çıxış etmişik. Hətta Prezident Tramp seçilməzdən əvvəl həmin məsələ müəyyən dərəcədə gündəlikdə əsas yer tutmurdu. Bununla belə, əminəm ki, o, alınmadığı üçün tamamilə aradan qalxacaq. Bir çox insan heç onun nə məna daşıdığını belə bilmir. Yəni o, müdaxilə aləti kimi istifadə olunmuş, hökmranlıq platformasının qurulması, gənc nəslin fikrinin dəyişdirilməsinə yönəlmişdir. Çünki qloballaşmanın əsas hədəfi gənc nəsil idi. Bu yanaşma onları dünya sakinlərinə çevirmək, onları mədəniyyəti, milli mənsubiyyəti, milli özünəməxsusluğu, ləyaqəti olmayan insana döndərmək, əlində pult olanların sanki robotuna çevirmək üçün hesablanmışdır. Bir sözlə, əminəm ki, onun vaxtı artıq keçib, bitib”.
Qloballaşmanın iflasına hansı amillər səbəb oldu?
“Ölkələrdə sağlam düşüncəli, milli dəyərlərə sıx bağlı olan yüksək dünyagörüşünə sahib cəmiyyətlərin formalaşması qloballaşma irticasına qarşı yeganə və düzgün çıxış yoludur”
Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bir sıra dünya ölkələrini öz nəzarətinə götürmək üçün “qlobalistlər” ilk növbədə yeniyetmə və gəncləri hədəf götürürlər:“Onilliklərdir ki, qlobal siyasət adı altında onun-bunun daxili işlərinə burnunu soxmağa, artıq maskası yırtılmış “demokratiya” gödəkçəsi ilə başqa xalqlara “yeni yaşamaq üsullarını” diqtə etməyə adət edənlər indi eniş vaxtını yaşayırlar. Çünki bir sıra ölkələrdə daha bu iyrənc “demokrat cənabların” cinayətkar siyasətinə alət olmaq istməyən cəmiyyətlər formalaşır. Onları da qorxudan məhz bu amildir. Dünyanın dörd yerində öz yırtıcı maraqlarını yeritmək, ölkələrin təbii sərvətlərini qamarlamaq üçün bu irtica qüvvələri ən ağlasığmaz addımlara baş vurublar. Bir sıra Qərb ideoloqlarının “qloballaşma siyasəti” adı altında yerli ənənələri məhv etmək, yeniyetmə və gəncləri öz iyrənc siyasətinə alət etmək, bir sıra ölkələrdə əsrlərdir formalaşmış xüsusiyyətləri xaos və anarxiya yolu ilə tarixdən silmək kimi cinayətkar niyyətləri olmazın dəhşətlərinə səbəb oldu. Dünyanın hər yerində insanları formalaşmış adət və ənənlərinə nifrət etdirmək üçün bu “qlobalistər” informasiya siyasətində olmazın iyrəncliklərini tətbiq edirlər.
Diqqətlə fikir verək: bu iyrənc planlarda qloballaşma adı altında böyük siyasətin təzahürləri açıq-aşkar ortadadır - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşir, ən dəhşətlisi - cinsi azlıq xəstəliyi bilərəkdən yeniyetmə və gənclərin şüuruna yeridilir. Bütün bunlar “qlobalistlər”in məkrli planları üçün hazırlanan mexanizmdir. Onlar hədəf seçdikləri ölkədə elə bir cəmiyyət formalaşdırmaq istəyirlər ki, orada milli dəyərləri, vətəndaş məsuliyyətini, mənəvi kriteriyalarını tamamilə itirmiş, zombiləşmiş insan kütləsi olsun. Ən çox da sosial şəbəkələr bu iyrənc planın əsas “silahı” sayılır. Cinsi azlıqların reklamı, onların cah-cəlallı həyatının nümayişi, vətən, milli dəyərlərin artıq “köhnəlmiş” stereotip olduğunu gənclərin şüuruna soxmaq – bunlar irtica qüvvələrinin əsas informasiya şüarıdır. Və bütün bunları etməkdə isə onların əsas məqsədi ölkələri işğal etmək, siyasi idarəçiliyi ələ keçirmək, iqtisdi resursları talamaqdır”.
M.Salahov bildirdi ki, Cənubi Qafqaz bölgəsində son baş verənlər də dediklərimizin aydın təsdiqidir və onlar heç kimə demokatiya hədiyyə etməyiblər. “Xaraba qoyduqları Yaxın Şərqdən başlamış lap elə iqtisadi problemlər və sosial səfalət içində üzən Şərqi Avropaya qədər hər yer onların “əsərləri” ilə doludur. Onlar heç kimə heç nə vermirlər, əksinə, hər şeyini alıb hökmranlıq edirlər. Hesab edirəm ki, ölkələrdə sağlam düşüncəli, milli dəyərlərə sıx bağlı olan yüksək dünyagörüşünə sahib cəmiyyətlərin formalaşması qloballaşma irticasına qarşı yeganə və düzgün çıxış yoludur”-deyə M.Salahov qeyd etdi.
İradə SARIYEVA