Qərbi Azərbaycan İcması Ermənistandan kompensasiya tələbinin mahiyyətini dəqiq ifadə etdi...
Mübariz Göyüşlü: “Qərbi Azərbaycan İcmasının irəli sürdüyü tələb çox aydındır”
Dekabrın 5-də və 6-da Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçının qatıldığı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda İkinci Beynəlxalq Konfransın yekun sənədi qəbul edilib.
Sənəddə əks olunur ki, iştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğulayıblar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırıblar. Onlar qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.
“Ermənistan eyni zamanda azərbaycanlılara kompensasiya ödəməli, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması və orada ləyaqətli yaşaması üçün gərəyi olan addımları atmalıdır”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a bildirdi ki, zorla öz evlərindən, yurd-yuvasından qovulmuş azərbaycanlıların təkcə özləri əziyyət çəkməyiblər, onların mal-mülkünə, ev-eşiyinə, əmlakına da ciddi ziyan dəyib, Ermənistan bu ziyanı ödəməlidir və onlara kompensasiya verməlidir, eyni zamanda ləyaqətli geri qayıdışlarını təmin etməlidir. “Hesab edirəm ki, bu çox doğru və yerində olan bir tələbdir. Buna bizim mənəvi, hüquqi, siyasi, tarixi və sair baxımından haqqımız var. Yəni bu məsələyə hansı yöndən baxsalar görərlər ki, buna haqqımız çatır və bu bizim haqlı tələbimizdir. Əgər Ermənistan sülh sazişinin imzalanmasını, münasibətlərin normallaşmasını, Azərbaycanla dinc yanaşı yaşamaq istəyirsə və bunun üçün real addımlar atmaq niyyətindədirsə bizim tələbləri qəbul etməlidir”.
M.Göyüşlü vurğuladı ki, bu tələbdə qeyri-adi, fantastik, problemli bir nüans yoxdur, bu tam təbii qəbul edilməlidir. Qərbi Azərbaycan İcmasının kompensasiya tələbini və soydaşlarımızın ləyaqətli, beynəlxalq təminat altında geri qayıdışının həyata keçirilməsi çağırışlarını Ermənistan normal qəbul etməlidir: “Qərbi azərbaycanlıların geri qayıdışını Ermənistan qəbul etmək istəmir, onlarda bu məsələ ilə bağlı çox böyük qorxu var. Halbuki, burda Ermənistan üçün qorxu və təhlükə yaradacaq hər hansı bir məsələ yoxdur. Ona görə də hesab edirəm ki, Paşinyan hökuməti, Ermənistan dövləti və xalqı 36 il bundan əvvəl törədilən hadisələrə görə məsuliyyəti boyunlarına götürməli, səhvlərinə görə üzr istəməlidir. Ermənistan eyni zamanda azərbaycanlılara kompensasiya ödəməli, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması və orada ləyaqətli yaşaması üçün gərəyi olan addımları atmalıdır”
M.Göyüşlü təəssüflə qeyd etdi ki, Ermənistanın bu məsələyə yanaşması çox səhvdir və bu ölkə bu problemin həllinə düzgün siyasi yanaşma sərgiləmir. O bildirdi ki, İcma Ermənistandan mümkünsüz bir şey tələb etmir, Ermənistanın etməli olduğu işləri ona xatırladır, bu yöndə çağrışlar edir, tələblər irəli sürür: “Qərbi Azərbaycan İcmasının irəli sürdüyü tələb çox aydındır. Ermənistandan zorla qovulan və nəticədə ev-eşiyini itirən, mal-mülkü talanan soydaşlarımıza dəymiş ziyana görə həm onlara kompensasiya ödənilməlidir, həm də onların geri qayıdış hüququ tanınmalıdır, öz yurdlarına qayıtmalıdırlar. Ermənistan elə zənn etməməlidir ki, azərbaycanlılara kompensasiya ödəyərsə, onlar geri qayıtmamalıdır.
İcmanın kompensasiya tələbi Ermənistan hökuməti tərəfindən təəssüf ki, tamamilə yanlış istiqamətə yönəldilir. Bir məqamı yada salmaq istəyirəm. Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışlarından birində olduqca səhv və tamamilə təhrif edilmiş bir fikir işlətmişdi ki, azərbaycanlılar Ermənistan ərazinsindən deportasiya edilərkən guya evlərini satıb gediblər, guya onlara pul ödənilib və sair. Bu tamamilə yanlış fikirdir. Soydaşlarımızın Ermənistandan hansı zorakılıqla, hansı təzyiqlər altında qovulduğu məlumdur. Orada öldürülən də, yaralanıb şikəst edilənlər də oldu, insanlar canlarını götürüb güclə xilas oldular. Bu halda onlar öz mülklərini, evlərini necə sata bilərdilər? Bilirsiz ki, Ermənistan hərbiçiləri, polisləri evlərə, kəndlərə girib insanları güclə çıxarırdılar. Yənu bu təkziblunmaz faktlardır. Deportasiya zamanı hətta ailələr vardı ki, üzvləri bir-birindən aralı düşmüşdülər, aylar sonra bir-birini tapa bildilər. Bu faktlar necə təkzib oluna, yaxud gizlədilə bilər? Bu baxımdan, Ermənistan hökuməti bütün yalanları, təhrifedici məlumatları, dezinformasiyaları dayandırmalı və Qərbi azərbaycanlılarla bağlı tələb olunan addımları atmalıdır. Soydaşlarımıza dəyən maddi və mənəvi ziyana, itkilərinə görə kompensasiya ödəməlidir və onları geri qaytarmalıdır. Yəni Ermənistanın ödəyəcəyi kompensasiya Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış hüququna qarşılıq olaraq istifadə edilməməlidir. Buna cəhd belə edilməməlidir. Çünki hər iki tələb əsaslıdır və heç bir şərt qoşulmadan təmin edilməlidir”.
İradə SARIYEVA