ADA Universitetində “Parlamentlərin İctimai Diplomatiyada rolu” adlı panel müzakirəsi keçirilib
“İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” adlı beynəlxalq dəyirmi masa müzakirəsi çərçivəsində “Parlamentlərin İctimai Diplomatiyada rolu” adlı panel müzakirəsi keçirilib.
Trend xəbər verir ki, panel müzakirəsində Azərbaycan və Türkiyə parlament nümayəndələri parlamentlərin ictimai diplomatiya rolu barəsində fikir mübadiləsi aparıb.
Milli Məclisin sədr müavini Ziyafət Əsəgərov panel müzakirəsində çıxışı zamanı bildirib ki, bu gün parlament diplomatiyasının qarşısında duran əsas məsələlərdən biri hibrid təhlükəsizlik məsələsidir.
“Hibrib təhlükəsizlik məsələsi Türkiyə və Azərbaycan arasında vacib bir məsələdir. İkinci bir məsələ isə beynəlxalq hüquqdur. Biz nə qədər bu barədə danışsaqda, əgər diplomatiyanın arxasında güc dayanmırsa, o diplomatiya işləməyəcək. Əgər ordu diplomatiyanın arxasında durursa, nailiyyət əldə edilə bilər. Çox təəssüfki, beynəlxalq hüquq bizim üçün işləmir”,- deyə o bildirib.
Milli Məclis sədrinin müavini Rafael Hüseynov qeyd edib ki, Türkiyə və Azərbaycan bu gün dünyanın müxtəlif beynəlxalq qurumlarında təmsil olunurlar.
“Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətləri bütün dünya üçüm bir nümunə olub. İki ölkə arasındakı birlik dostluq və qardaşlıqdan daha artıqdır”,- deyə o bildirib.
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem isə qeyd edib ki, qazanılan zəfərləri beynəxalq ictimaiyyətə tanıtdırmaq mühim məsələdir.
“Diplomatiyanı həyata keçirmək üçün parlamentlərin, nazirlərin dəstəyi vacibdir. Hazırki dünyada hüququn üstünlüyü,ədalət, demokratiya sıfırlanıb. Gücün üstünlüyü mövcuddur. Güc olduğu təqdirdə arxasınca diplomatiyada gələcək”,- deyə o bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçirilib.
Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.