"Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır" Fuat Oktay
Qardaş və dost ölkə olan Azərbaycana səfər etməkdən məmnunluq duyuram. Azərbaycan və Türkiyə arasındakı münasibətlər xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır və milli maraqlar çərçivəsində qiymətləndirilir. Bu münasibətlərin güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm töhfələr verir.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada çıxışı zamanı səsləndirib.
F.Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə də əlamətdardır: “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentdə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.
“Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir”, - deyə Fuat Oktay əlavə edib.
ZÜMRÜD