Azərbaycan Avropa Birliyinə “bərabər tərəflər” kimi əməkdaşlıq prinsipini bir daha təklif etdi...
Tural İsmayılov: “Azərbaycanın burda mövqeyi çox sabitdir, lakin Aİ bəzən o bərabər tərəf prinsiplərini pozur...”
“Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik...”
Bu fikirlər Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda yer alıb.
Məlum olduğu kimi, Azərbaycan Avropa Birliyinə “bərabər tərəflər” kimi əməkdaşlıq prinsipini bir daha təklif etdi. Dövlətimiz həmişə olduğu kimi qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiqdir.
“Azərbayanla Aİ arasındakı dürüst və eyni zamanda səmimi münasibətlər inkişaf etməlidir”
Politoloq Tural İsmayılov baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycan bu gün, Avropa İttifaqı (Aİ) da daxil olmaqla, əməkdaşlığını davam etdirdiyi bütün təşkilatlarla bərabər səviyyədə əlaqələr qurub.
“Məhz ölkəmizin bu gün Avropa İttifaqı ilə, özəlliklə enerji məhsulları və enerji təhlükəsizliyi sahəsində vacib layihələri mövcuddur. Azərbaycan Cənub Qaz Dəhlizinin əsas memarıdır və bu layihənin bir nömrəli mərkəzidir. Cənab Prezidentin Ursula fon der Lyayenə ünvanladığı təbrik məktubunda Azərbaycanın Avropa İttifaqına, ümumiyyətlə, Avropa İttifaqına üzv olan ölkələrə münasibəti çox aydın bir formada qarşı tərəfin diqqətinə çatdırıldı. Hesab edirəm ki, Azərbaycan və Aİ bərabər tərəflər kimi əməkdaşlıq prinsiplərini davam etdirməlidirlər. Azərbaycanın burda mövqeyi çox sabitdir, lakin Aİ bəzən o bərabər tərəf prinsipləri pozur, Azərbaycana siyasi əmr və təzyiq dilində danışmağa cəhd göstərir. Fikrimcə, bunlar çox yanlışdır. Bütövlükdə bu, Azərbaycanla Aİ arasındakı etimad mühitinin və eyni zamanda normal münasibətlər sisteminin də nəticədə zədələnməyinə səbəb ola bilir”.
T.İsmayılov qeyd etdi ki, Aİ-nin yeni rəhbərliyi də Prezident İlham Əliyevin ünvanladığı təbrik mətnindəki sitatlardan irəli gələn siyasi xəttə əməl etməlidir. “Yeni rəhbərlik Azərbaycana qarşı özəlliklə Avropa Parlament Assambleyası (AŞPA) kimi qurumlarda baş qaldıran isterikanın qarşısını almalıdır. Azərbayanla Aİ arasındakı dürüst və eyni zamanda səmimi münasibətlər inkişaf etməlidir. Necə ki, bu gün xüsusilə Mərkəzi və Cənub-Şərq Avropa ölkələri ilə Azərbaycan arasında kifayət qədər üstün səviyyədə siyasi münasibətlər mövcuddur”-deyə T.İsmayılov şərhində bildirdi.
İradə SARIYEVA