DİN Bakıda "çətin uşaqlarla" bağlı mühüm addım atdı..
Fatimə Hacıbəyli: “Çətin tərbiyə olunan uşaqlar üçün xüsusi müəssisənin yaradılması təqdirəlayiqdir”
“Çətin tərbiyə olunan uşaqlar xüsusi mərkəzə yerləşdirilməsə onlar gələcəyin cinayətkarı olacaq”
Bakı şəhərində çətin tərbiyə edilən uşaqlar üçün müəssisə yaradılıb.Bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən iclasında deyib. O qeyd edib ki, Elm və Təhsil Nazirliyi həmin müəssisəni Suraxanı rayonunda təşkil edib: “Bu ilin oktyabr ayında icra prosesi başlasa da, hələlik müəssisənin açılışı olmayıb”.
Qeyd edək ki, ölkəmizdə çətin tərbiyə olunan uşaqlar az deyil, hətta biz bunu sosial şəbəkədə yayılan videolarda, təhsil müəssisələrində, ictimai həyatda baş verən hadisələrdə də müşahidə edirik .
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə baki-xeber.com-a şərhində bildirdi ki, çətin uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşürdü: “Ancaq bu da mümkün olmurdu, səbəb isə məktəblərdə psixoloqların ya olmaması, ya işinin peşəkar olmamasıdır. Adətən məktəb psixoloqları çalışmalıdır ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini vaxtında tapıb, ona uyğun psixoprofilaktik işlər aparsın. Müəllimlər belə uşaqlarla işdən çəkinir. Danılmaz faktdır ki, hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Mütəmadi olaraq qaba hadisələrin “qəhrəmanı” olan belə şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir. Bu səbəbdən də çətin tərbiyə olunan uşaqlar üçün xüsusi müəssisənin yaradılması təqdirəlayiqdir”.
Ekspert onu da əlavə etdi ki, çətin tərbiyə olunan uşaqlar üçün xüsusi müəssisənin yaradılması uzun illərdir müzakirə olunurdu: “Çətin tərbiyə olunan uşaqlar dəyərləri olmayan, həssas qrupa aid olan, sosial təhlükəli vəziyyətdə olan, içkidən, narkotikdən asılı olan, cinsi münasibətlərlə formalaşan bir mühitdə olduğu üçün bu vəziyyətə gəlib. Ailəsindən belə gördüyü üçün o ya şiddət göstərən olur, ya da şiddətə məruz qalan, əzilən, döyülən. Bu uşaqların o həddə çatmaması üçün onlarla işləmək lazımdır. Şagirdin müəllimi döyməməsi, övladın valideyni öldürməməsi, oğlanların qızları məhv etməməsi üçün belə mərkəz yaradılmalı idi. Çətin tərbiyə olunan uşaqlar xüsusi mərkəzə yerləşdirilməsə onlar gələcəyin cinayətkarı olacaq”.
Günel CƏLİLOVA