Bu reseptləri yazan həkimlərin cəriməsi artırılır...
Adil Qeybulla: “Qida əlavələri dərmanlar kimi rafinasiya və identifikasiya olunmayan formul deyil”
“Uyğunsuzluqlar vaxtında aşkar edilərək qarşısı alınmalıdır, ictimai nəzarət də burada rol oynayır”
“Bioloji fəallığa malik qida əlavə” anlayışı “bioloji aktiv qida məhsulu” ilə əvəzlənir, həkim reseptinə yazılmasına görə cərimələr artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılması ilə bağlı fikir bildirən həkim ekspert Adil Qeybulla bakı-xeber.com-a şərhində bildirdi ki, qida əlavələri dərmanlar kimi rafinasiya və identifikasiya olunmayan formul deyil: “Müəyyən ekstraktlar, bitki və heyvan mənşəli bioloji aktiv maddələrdir. Bunlar da orqanizmin güclənməsi, vitamin çatışmazlığının aradan qaldırılması və s. kimi hallarda istifadə olunur: “Ümumdünya Səhiyyə Təşkilatının reyestrində dərman kimi qeydiyyatdan keçməyib. Bu maddələrdən istifadə etməzdən əvvəl həkim məsləhəti almaq vacibdir. Onların keyfiyyət parametri də ayrı bir mövzudur. Bu məsələ daha çox diqqətdə saxlanmalıdır. Ölkəyə hansı firmaların bioloji aktiv maddələrinin daxil olduğunu öyrənib, daha sonra araşdırma aparmaq lazımdır. Qida əlavələrinin keyfiyyət parametrləri analiz nəticələrinə uyğundursa, qida əlavəsi həkim tərəfindən xəstəyə təyin oluna bilər. Qida əlavələrinin keyfiyyət parametrlərinə cavab verməsi vacibdir. Tərkibindəki inqridiyentlər məhsulun üzərində dəqiq göstərilməlidir, tərkibində orqanizmə ziyan verəcək maddələr olmamalıdır və bunlara əməl olunmasına daim nəzarət edilməlidir. Çünki dərman maddələri bütövlükdə genefonda bağlı məsələdir. Müvafiq qurumlar bu məsələyə son dərəcə həssas yanaşmalıdır. Uyğunsuzluqlar vaxtında aşkar edilərək qarşısı alınmalıdır. İctimai nəzarət də burada rol oynayır”.
Günel CƏLİLOVA