Qərb Ermənistana çox ucuz qiymət verdi - ruslar açıq təhdidə keçdi...
Ermənistan-Avropa İttifaqı-ABŞ sammiti Azərbaycanla yanaşı, gözlənildiyi kimi, Rusiyada da kəskin reaksiya doğurdu. Bu barədə danışmazdan öncə qeyd edək ki, prezident İlham Əliyev bu görüşlə bağlı Azərbaycanın mövqeyini ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula von der Lyayenlə telefon söhbətində onlara çatdırıb.
Dövlət başçısı görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmamasının Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bildirib.
Moskva isə hesab edir ki, bu konfrans Qərbin Ermənistanı Rusiya ilə müttəfiqlikdən ayırmaq cəhdlərinin bir hissəsidir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunun səbəbini belə izah edir: “Rusiya belə görüşlərdən ona görə narahatdır ki, ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa bu görüşlərin əsas foksunun Rusiyaya qarşı olduğunu deyirlər. Bunu açıq mətnlə bildirirlər”. Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanat da Kremlin narahaqlıqlarını bir daha qabartdı. Burada deyilir: “2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Avropa İttifaqı formatında yüksək səviyyəli görüşü Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk”. Qeyd olunub ki, regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə müdaxiləsi, regiona nifaq salmaq istəyi sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələrlə yekunlaşa, eləcə də gərginliyə səbəb ola bilər: “Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar. Biz İrəvan rəhbərliyini Qərbin onu aldatmasına və ölkədə təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyinin həcmləri Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyəti, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlı fayda ilə müqayisə edilə bilməz. Məhz bu amillər son illərdə ticarət dövriyyəsinin dəfələrlə (2018-ci ildən 4 dəfə) artmasına və nəticədə rekord iqtisadi artıma və əhalinin rifahının yüksəlməsinə səbəb olub. Biz ümumi inteqrasiya birlikləri vasitəsilə fundamental ikitərəfli sənədlərdə və sazişlərdə təsbit olunmuş prinsiplər əsasında Ermənistanla münasibətləri hərtərəfli dərinləşdirmək və genişləndirmək öhdəliyimizi təsdiq edirik. Əminik ki, Rusiya-Ermənistan müttəfiqliyinin mütərəqqi inkişafı xalqların köklü maraqlarının həyata keçirilməsinə, regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək”. O da qeyd olunub ki, Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, sülh müqaviləsini hazırlamaq, ictimai xadimlər və ekspertlər arasında əlaqələr vasitəsilə etimadı gücləndirmək, sərhədin delimitasiyası ilə bağlı tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir: “Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırıb. Tərəflər bir çox məsələlər üzrə, xüsusən də nəqliyyat blokadasının aradan qaldırılması məsələsində qarşılıqlı məqbul həll yollarına yaxın olub. Moskva əvvəlki kimi Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır. Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən, Ermənistanın da iştirakçısı olduğu “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”.
Hesab edilir ki, Rusiya bundan sonra müəyyən praktik addımlar ata bilər. Erməni politoloq Suren Surenyants isə qeyd edir ki, Qərb Ermənistanı Rusiya qarşısında müdafiə etməyəcək. Bunu ayrşlan maliyyə yardımının həcmi də təsdiq edir: “ABŞ və Aİ-nin Ermənistana 350 milyon dollar verəcəyi vədləri Ermənistanın baş nazirinin səlahiyyətlərini gücləndirməyə, onun Ermənistan-Azərbaycan və Ermənistan-Rusiya münasibətlərində qeyri-populyar qərarlar qəbul etməsinə yönəlib. Aİ Ermənistanın inkişafı üçün 270 milyon avro, ABŞ isə 65 milyon dollardan çox vəsait ayıracaq. Qərb Ermənistan hakimiyyətinin anti-Rusiya potensialını hesablayıb və bu qiyməti ödəyib. Bu, indiki hakimiyyətin idarə etdiyi ölkənin qiymətidir”. Onun sözlərinə görə, əgər bu yüksək səviyyəli görüş dünyanın geosiyasi qarşıdurma şəraitində yaşamadığı başqa vaxtlarda baş tutsaydı və daha çox, bu görüş Ermənistan-Rusiya münasibətlərinin hələ korlanmadığı bir vaxtda baş tutsaydı, o zaman belə məhdud yardım paketi müsbət hal sayıla bilərdi. Lakin o təəssüflə bildirir ki, bu görüşlə bağlı praktik olaraq yaxşı heç nə deyə bilməz. Ekspert qeyd edir ki, hər hansı bir hadisənin dəyərini onun müsbət və mənfi cəhətləri nəzərə alınmaqla müəyyən etmək olar: “Bu görüşün keçirilməsinin qiyməti Ermənistan hakimiyyətinin anti-Rusiya ritorikasıdır. Yəni Ermənistanda hakim qüvvə Ermənistan-Rusiya münasibətlərini geri dönüşü olmayan həddə çatdırmalı olacaq”. Surenyantsın fikrincə, Ermənistan hakimiyyətinin Qərbdən elan etdiyi “güclü dəstək” cəmiyyətdə böyük gözləntilərə səbəb olub. Bəzi dairələrdə bu görüşü az qala “xilasetmə missiyası” adlandırırdılar. Lakin reallıqda tamamilə fərqli mənzərə ortaya çıxır: “Əgər bu kontekstdə əldə etdiyimizə baxsanız, ciddi müzakirəyə başlamaq gülüncdür, çünki 350 milyon dollar Ermənistanın strateji oriyentasiyasının dəyişməsini təmin edə biləcək məbləğ deyil”. Analitik əmindir ki, Brüsseldə açıqlanan məbləğ Ermənistan hakimiyyətinin üçtərəfli görüşün məqsədlərindən biri kimi elan etdiyi iqtisadiyyatın diversifikasiyası üçün kifayət etməyəcək: “350 milyon dollara şaxələndirmə? Əgər Moskvada bunu anti-Rusiya mövqeyinin təzahürü kimi qiymətləndirirlərsə və məsələn, qazın qiymətini artırmaq qərarına gəlirlərsə, o zaman bu 350 milyon dollar əriyə bilər. Artıq mənfi işarə ilə bu nəzərə alınmalıdır. Bir neçə il əvvəl Avropa İttifaqının Ermənistana vəd etdiyi 2,5 milyard dollardan 500 milyon dollara yaxın vəsait artıq paylanıb. Lakin bu, diversifikasiya üçün kifayət etmədi. Biz hələ də Rusiyadan asılıyıq. Rusiya Federasiyasından iqtisadi asılılıq yalnız artıb”. O əmindir ki, heç bir geosiyasi mərkəz Cənubi Qafqaz respublikalarının birinin digərinə qarşı müttəfiqi olmayacaq: “Böyük geosiyasi oyunçulara Cənubi Qafqaz regionu vahid region kimi lazımdır, çünki onlar bölücü xətlər çəkilən zaman təsirləri yaya bilmirlər. Ermənistan rəhbərliyi Qərblə münasibətlərdə yalnız anti-Rusiya mövqeyini ortaya qoyur”.
Tahir TAĞIYEV