Avropanın iki nüfuzlu təşkilatı həyəcan təbili çalır - avropalı yeniyetmələr narkotacirə çevrilir, avtomatla silahlanırlar...
Avropa agentliklərinin məlumatına görə, avropalı narkotik satıcılarının “işgəncə otaqları” var və yetkinlik yaşına çatmayanları avtomotla silahlandırırlar. Bu barədə nüfuzlu “Politico” nəşri yazır ki, narkotik vasitələrin kütləvi dövriyyəsi səbəbindən Avropada zorakılıq görünməmiş yüksək səviyyəyə yüksəlib.
“Yetkinlik yaşına çatmayanlar bir-birini “Kalaşnikov” avtomatından atəşə tuturlar. Yeniyetmələr kokaini limanlardakı konteynerlərdən yükləyirlər. Niderlan meşəsində isə “işgəncə otaqları” qurulub”-“Politico” nəşri yazır.
Nəşrin məlumatına görə, bu barədə “Europol” və Avropanın Narkotiklərin Monitorinqi Mərkəzi məlumat yayıb. Onların hesabatlarına görə, Avropada narkotik ticarətinin dövriyyəsi ildə 30 milyard avroya çatır.
Kokain və ekstaz idxalı 2022-ci ildə rekord həddə çatdı. Avropa agentliklərinin məlumatına görə, zorakılıq halları əsasən kokain və kanabislə bağlıdır.
“Politico”nun yazdığı kimi, “Europol” narkotiklərlə bağlı cinayətlərin konkret statistikasını təqdim etməsə də, Avropanın Narkotiklərin Monitorinqi Mərkəzində bildiriblər ki, Avropada zorakılıq səviyyəsi Mərkəzi Amerikadakı göstəriciyə çatır.
“Europol”un icraçı direktoru bildirib ki, Avropada indiyədək heç vaxt görünməyən “işgəncə otaqları” aşkarlanıb.
Avropa agentliklərinin diqqət yetirdiyi digər problem isə yetkinlik yaşına çatmayanların narkotik alverçiləri tərəfindən öz tərəflərinə çəkilməsidir, bunun tendensiyası isə artır. “Europol”un məlumatına görə, Marseldə yeniyetmələr tez-tez narkotik alverçilərinə çevrilirlər və tez-tez avtomat silahlarla qarşıdurma halları baş verir.
“Politico”nun yazdığı kimi, siyasətçilərin narkotik alverçilərinin probleminin həllinə müxtəlif yanaşmaları var. Bir hissə narkotik cinayətkarlar üçün daha sərt cəza tələb edir. Digər hissəsi isə hesab edir ki, sərt tədbirlər nəticə vermir və bazarı leqallaşdırmağın vaxtı çatıb.
TAHİR