Məktəbdə şagird partasına mina - tələni erməni terrorçudan başqa kim bağlayar?..
Azər Həsrət: “Ermənilər tədris ocağını qisas məkanı kimi görür”
Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Üstəlik, partlayıcı döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilib. Belə ki, qapını açdıqda və ya bağladıqda kəndirin dartılması nəticəsində tələ qurğu işə düşə bilər. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına yerləşdirilib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinib. Ərazini tərk edən ermənilər dinc əhaliyə zərər yetirmək məqsədilə təhsil ocağında da bu növ qurğular yerləşdirib. Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.
Ermənilərin orta məktəb, şagird masasına mina yerləşdirməsi onların necə bir millət olduğunu bir daha göstərir
“Günahsız uşaqların dərs aldığı, oxumaq üçün getdiyi məktəbə partlayıcı silah yerləşdirmək sözlə izah edilə bilməyəcək bir haldır”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, məktəbə mina, bomba yerləşdirmək insanlığın son həddidir: “Məktəb elə bir yerdir ki, ora günahsız uşaqlar gedir. Onların heç bir işdə əli və əməli olmur. Günahsız uşaqların dərs aldığı, oxumaq üçün getdiyi məktəbə partlayıcı silah yerləşdirmək sözlə izah edilə bilməyəcək bir haldır. Çox təəssüflər olsun ki, ermənilər tədris ocağını qisas məkanı kimi görür. Onlar Azərbaycan torpağını tərk edərkən belə pis niyyətlərini, əməllərini göstərdilər”.
Həmsöhbətimizin sözlərinə görə, Qarabağda erməni mirasının dərdini çəkən qurumlar bu kimi faktlara xüsusi diqqət etməlidir: “Beynəlxalq təşkilatlar bu faktla tanış olmalı, nəyin dərdini çəkdiklərinin fərqinə varmalıdır. Biz dünyaya bu hadisəni göstərməliyik. Mümkün qədər geniş audoriyaya göstərilməlidir ki, Azərbaycan necə bir bəla ilə mübarizə aparır. Ermənilər Qarabağı tərk edərkən belə pis əməllərindən əl çəkmir.
Günel CƏLİLOVA