Ərdoğan Baydenlə görüşündən danışdı - F-16-ları verin, İsveçin təsdiqini alın...
Türkiyə prezidenti Ərdoğan İsveçin NATO-ya üzvlüyü və F-16 məsələsi ilə bağlı açıqlama verib.
İsveçin NATO-ya üzvlük protokolunu Türkiyə Böyük Millət Məclisinə göndərdiklərini deyən Ərdoğan ABŞ prezidenti Baydenlə görüş zamanı İsveç və F-16 məsələsinin də gündəmə gəldiyini deyib.
Ərdoğan Baydenin ona “siz bunu Məclisdən keçirin, mən də eyni şəkildə bunu Konqresdən keçirim” dediyini xatırladıb.
“ABŞ prezidenti dedi ki, ABŞ dövlət katibi Entoni Blinken və xarici işlər nazirimiz Hakan Fidan bu prosesi eyni vaxtda idarə etsinlər. Bunu eyni vaxtda həyata keçirsək, parlamentdən daha asan keçirmə imkanımız olacaq.
Parlamentdəki prosesləri çətinləşdirən başqa bir məsələ Kanada və bəzi müttəfiqlərin müdafiə təchizatı ilə bağlı mənfi yanaşmalarıdır. Bunların hamısı bir-biri ilə bağlıdır.
İnanıram ki, həm Amerikanın F-16 məsələsi, həm də Kanadanın verdiyi vədlərə əməl etməsi ilə bağlı gözlədiyimiz müsbət irəliləyişlər parlamentimizin məsələyə müsbət baxışını sürətləndirəcək. Digər tərəfdən, İsveçin Vilnüsdə bizə verdiyi vədlər var. Bunlara əməl edilməsini gözləyirik və hadisələri yaxından izləyirik.
TAHİR