Yaxın Şərqdə böyük müharibə təhlükəsi - İsrail Qəzzadan sonra Livana hücum edəcək, İran da müharibəyə qoşulacaq…
ABŞ-dan aldığı dəstəklə Qəzzada hücumlarını davam etdirən İsrail indi də gözünü başqa bölgəyə dikib. Britaniyanın mətbuatı İsrailin HƏMAS-ı bəhanə edərək Qəzzanı işğal etdikdən sonra, bu dəfə də təhdid kimi gördüyü Hizbullahı bəhanə edərək Livana qarşı müharibəyə bağlayacağını yazıb.
“Times” qəzeti yazır ki, İsrail siyasətçiləri və hərbi rəsmiləri Hizbullahın artan hücumlarına daha sərt cavab vermək qərarına gəlib. Qeyd edilir ki, İsrail ordusu oktyabrın 7-dən sonra tez-tez toqquşduğu Hizbullah qüvvələrini Litani çayının şimalına çəkilməyə məcbur etmək üçün Livanda quru əməliyyatına hazırlaşır.
İsrailin yüksək rütbəli hərbi rəsmilərindən Conatan Konrikus, Hizbullahın 7 oktyabrda HƏMAS-ın həyata keçirdiyi hücuma bənzər hücumdan narahat olduqlarını və Livan təşkilatının HƏMAS-dan qat-qat güclü olduğunu bildirib. O İsrail ordusunun bununla bağlı hazırlıq gördüyünü deyib.
Qəzet iddia edir ki, İsrailin baş naziri Netanyahu Livana quru əməliyyatını tezliklə təsdiqləyə bilər. O da vurğulanır ki, Qəzzada hücumlarını davam etdirən Təl-Əviv rəhbərliyi yeni cəbhədə quru əməliyyatına başlasa, risqlər daha da artacaq.
“The Guardian” qəzeti isə İranın da mümkün müharibənin iştirakçısı olacağını yazıb. İsrailin müdafiə naziri Qallantın da bu fikirdə olduğu və İranın da iştirak edə biləcəyi bir müharibənin ABŞ-da təşviş doğurduğu bildirilir. Netanyahunun ABŞ-ın təkidi ilə Livana hücumdan imtina etdiyi bildirilsə də, əslində İsrail rəsmilərinin müharibəni qaçılmaz gördüyü iddia edilir.
“İsrail və Hizbullah arasında münaqişə var və bu münaqişə gərginləşməyə doğru gedir. Vəziyyətlə bağlı ən narahatedici məqam isə bu gərginliyin artmasıdır. Heç kim genişmiqyaslı müharibə istəmir, amma biz yenə də oranı vura bilərik" - İsrailin xarici siyasət üzrə keçmiş milli təhlükəsizlik müşaviri, hazırda Təl-Əvivdə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda çalışan Orna Mizrahi deyib.
Yaxın Şərq İnstitutunun baş elmi işçisi Randa Slim isə bildirib ki, hazırda sərhəddə qisasa qisas modeli ilə qarşıdurmalar yaşanır. O hesab edir ki, hazırda hərtərəfli müharibəyə getmək qərarı tamamilə İsrailin qərarıdır. Hizbullah və İran isə gərginlik istəmir.
Bir müddət əvvəl, Hizbullah lideri Həsən Nəsrullah təxribat olmadığı təqdirdə İsrail ərazisinə böyük bir hücum etməyəcəklərini deyərək "Yaxın Şərqdə böyük müharibə" narahatlığını azaltmışdı. İsrailin müdafiə naziri Qallant isə Hizbullah sərhəddən çəkilməyəcəyi təqdirdə güc tətbiq edəcəklərini bildirib.
Qeyd edək ki, 2006-cı ildə Hizbullahla müharibə zamanı böyük hərbi itkilər verdikdən sonra İsrail işğal etdiyi Livan torpaqlarından geri çəkilmişdi. Bu müharibə həm də Hizbullahın bölgədəki gücünü artırdı.
TAHİR