Misir İsraillə eyni cəbhədə - Qahirə husilərə qarşı müharibə hazırlığına başladı...
İsrailin Kanal-12 telekanalının iddiasına görə, Misir İsraili hədəf alan Yəmənin Ənsarullah hərəkatının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəmənə böyük hərbi hücum təşkil etməyi planlaşdırır.
Kanal Sisi rəhbərliyinin Qırmızı dənizdən keçən beynəlxalq dəniz yollarına husi təhdidinə görə müdaxiləyə hazırlaşdığını iddia edib. İddialara görə, Misir Süveyş kanalının təhlükəsizliyi üçün kritik hesab etdiyi bölgədə mümkün hava əməliyyatlarında "Rafale" döyüş təyyarələri, SCALP-EG qanadlı raketləri, lazerlə idarə olunan bombalar və qabaqcıl elektron döyüş sistemləri ilə təchiz edilmiş F-16 təyyarələrindən istifadə etməyi planlaşdırır.
Sisi rəhbərliyi BMT-nin 51-ci maddəsi çərçivəsində Yəməndəki təhdidlərə qarşı milli təhlükəsizliyini müdafiə etmək hüququna malik olduğunu bildirir.
İran HƏMAS-a dəstək vermək və “İsraili dünya xəritəsindən silmək” üçün “müqavimət oxu” yaratmışdı. Bu oxun üzvlərindən biri də Yəməndəki vətəndaş müharibəsinin tərəflərindən biri olan husilər idi. Husilər İsrailin hücumlarından sonra dünyanın diqqətini çəkməyi və Qərb ölkələrinin İsrailə dəstəyini kəsməyi hədəflədiklərini bəyan edərək, Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücum etməyə başlayıblar. Bu hücumlar nəticəsində Süveyş kanalında dəniz nəqliyyatı əhəmiyyətli dərəcədə azalıb. Bu hücumların 2024-cü ilə qədər Misir iqtisadiyyatına 7 milyard dollar ziyan vurduğu bildirilir.
TAHİR