Özəl "zapravkalara" yanacağın daşınma xərci dövlətin üstünə salınır? - Hökumətin qərarı...
Bu qərarla bölgələrdə yanacaq qıtlığına və keyfiyyətsiz yanacaq satışına son qoyula bilər
Nazirlər Kabinetinin ölkə ərazisində yanacağın daşınması ilə bağlı qərarına dəyişikliklər edilməsi cəmiyyətdə bəzi anlaşılmazlıqlar yaradıb.
Qeyd edək ki, Azərbaycanda yanacaq satışı bir sosial layihə olduğu üçün yanacağın qiymətini bazar deyil, dövlət adından Tarif (qiymət) Şurası tənzimləyir. Ona görə də hökumət inzibati qaydada yanacağa həm topdansatış, həm də pərakəndə satış qiyməti qoyur. Azərbaycanda yanacağın topdansatış qaydada satılması dövlət tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) həvalə edilib. Neft məhsullarının topdansatış qiymətlərinə həm də yanacağın satış məntəqələrnə çatdırılması xərcləri daxil idi. Yəni SOCAR-ın törəmə şirkəti olan “SOCAR PETROLEUM” neft məhsullarını pərakəndə satış məntəqələrinə, yəni özəl yanacaqdoldurma məntəqələrinə çatdırmağa borclu idi. Yəni daşıma xərcləri topdansatış qiymətlərinə daxil idi.
Son zamanlar pərakəndə satış məntəqələrində yanacağın keyfiyyətindən narazılıq, regionlarda yaranan süni yanacaq çatışmazlığı hökuməti müəyyən tədbirlər görməyə vadar etdi. Beləliklə də Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında dəyişiklik etdi.
Yeni Qərara əsasən, əvvəlki Qərarda göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Dövlət Neft Şirkətinə ayrılan subsidiya hesabına “SOCAR PETROLEUM” QSC tərəfindən təmin edilməli və Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə hər il dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Şirkətinə müvafiq məbləğdə subsidiya nəzərdə tutulmalıdır.
Dövlət Neft Şirkətinə tapşırılıb ki, bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtləri müəyyən etsin.
Artıq bundan sonra daşınma xərcləri topdansatış qiymətlərinə daxil edilməyəcək. Bunun üçün dövlət büdcəsindən ayrıca dotasiya müəyyənləşəcək. Bu isə imkan yaradacaq ki, SOCAR yalnız öz yük avtomobilləri vasitəsilə deyil, həm də özəl yük avtomobilləri ilə neft məhsulları daşıya bilsin.
Məsələn, Zərdabda özəl bir yanacaqdoldurma məntəqəsi iddia edir ki, ona verilən yanacağın oktan ədədi aşağıdır və ya yanacağın tərkibinə su qatılıb. O halda həmin yanacaqdodurma məntəqəsi sahibinin imkanı olacaq ki, o, öz yük maşını ilə neft məhsulunu SOCAR-in mərkəzi bazasından görürsün və həmin vaxt yanacağın keyfiyyətinin laborator müayinəsinə nail olsun. Bu qərarla Nazirlər Kabineti pərakəndə yanacaq satışı ilə məşğul ilan sahibkarlarla SOCAR arasındakı anlaşılmazlığa son qoymaq istəyir.
Son zamanlar doğrudan da bölgələrdə həm neft məhsullarının qıtlığı, həm də keyfiyyətinin aşağı olması müşahidə edilirdi. Hökumət yeni ildə bu qərarın tətbiqi ilə vəziyyətin dəyişəcəyinə ümid edir.
O ki qaldı yanacaq satışının sosial layihə hesab edilməsinə, hökumət düşünür ki, neft məhsullarının ölkədə sabit qiymətə satışını təşkil etməklə əhalinin bütün təbəqələrinin yanacaq almağa əlçatanlığını təmin edir. Ona görə də həm yanacağa topdansatış, həm pərakəndə satış qiyməti qoyur, həm də daşınma xərci müəyyən edir.
Akif NƏSİRLİ