“Yerablurda yatmırsa, qəhrəman deyil?” - Paşinyan ermənilərin bir stereotipini də dağıdır...
Ramil Məmmədli: “Yerablur hərbi məzarlığında yatanlar qəhrəman yox, işğalçı canilərdir”
Ermənistan baş naziri Nikol Paşinyan Facebook hesabında yazıb ki, onun tezisi qəhrəmanlığın hər gün olmasıdır: “Gündəlik anlayışımıza görə, qəhrəman xüsusi davranışı, düşüncəsi, mühiti olan insandır.
Deyəsən, bu qavrayışla biz qəhrəmanı yüksəldirik, amma elə tərzdə ki, bu yüksəklik uzaqdadır, yəni bizə, başqalarına əlçatmazdır. Qəhrəman elə yüksək yerdədir ki, başqaları bu yerə çata bilmir, çünki başqaları adi davranış, adi düşüncə adamlarıdır, qəhrəmanlıq sadə vətəndaş üçün əlçatmazdır. Bu qavrayış belə bir təzahürə malikdir: qəhrəman öldü. Demək olar ki, bütün yazılarıma və çıxışlarıma (sosial şəbəkələrdə) çoxlu bəyənmələr gəlir ki, qəhrəmanlar Yerablurdadır. Qəhrəmanların Yerablurda olması ilə heç kim mübahisə etmir, amma biz qəhrəmanların Yerablurda olduğunu deyəndə, bu o deməkdir ki, canlı qəhrəman yoxdur. Bu qavrayışdan ümidsizlik nəzəriyyəsi yaranır: əgər ən yaxşılar, qəhrəmanlar artıq yaşamırlarsa, o zaman cəmiyyətin hər hansı bir üzvünün yaşamaq istəyi nə dərəcədə mənalı və əxlaqlıdır? Yuxarıdakı qavrayış həm də o demək ola bilər ki, ya daha qəhrəmanlarımız olmayacaq, ya da qəhrəmanlara sahib olmaq üçün itkilərin qaçılmaz olacağı və qəhrəman panteonumuzu “təmiz vicdanla” dolduracağımız müharibə lazımdır. Bu, açıq-aydın yanlış, qəbuledilməz və dağıdıcı yoldur və bu yoldan geri dönmək üçün qəhrəmanlıq dərkini adi insana, məişət həyatına, adi həyata yaxınlaşdırmaq lazımdır”.
Göründüyü kimi, Paşinyan erməni cəmiyyətindəki “Qəhrəmanlar Yerablurda yatır” stereotipini dağıdır. Deyir ki, qəhrəmanlarımız hər vaxt, hər yerdə ola bilər. Bunu Paşinyanın Ermənistanda öz siyasi rəqibləri ilə mübarizəsinin yeni növü saymaq olarmı? O mənada ki, Sarkisyan-Köçəryan qüvvələri bu Yerablur qəbiristanlığını həmişə daha çox ideallaşdırmağa çalışırlar.
“Paşinyan revanşistlərin yenidən hakimiyyətə gəlməsini önləməkdən ötrü onların bütlərini dağıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bu, Nikolun öz rəqiblərini zəiflətmək məqsədi güdən siyasətidir: “Həqiqətən də Yerablur məsələsi əvvəlki hakimiyyətin, indiki revanşist müxalifətin əsas söykəndiyi dayaqdır. Çünki nəinki Köçəryan-Sarkisyan cütlüyü, həm də Levon Ter-Petrosyan Qarabağ dalğası üzərində hakimiyyətə gəlib. Qarabağ və ətraf rayonların işğalı hesabına Köçəryan və Sarkisyanın timsalında “Qarabağ klanı” 1998-ci ildə Ermənistanda hakimiyyəti qamarlayaraq 20 il iqtidarda qaldı. Yoxsa heç cür real görünmürdü ki, bu iki quldur prezident olsun. Üstəlik, 1999-cu ilin oktyabrında parlamentin gülləbaran edilməsi nəticəsində Karen Dəmirçyan və Vazgen Sarkisyanın öldürülməsi Köçəryan və Sarkisyan üçün hakimiyyətdə qalmaq, möhkəmlənmək baxımından unikal bir imkan yaratdı. Məlum olduğu kimi, 2020 və 2023-cü ildə Azərbaycan Ordusunun şanlı qələbəsi ermənilərin “qəhrəmanlığını” tarixin zibilliyinə göndərdi. Çünki Yerablur hərbi məzarlığında yatanlar qəhrəman yox, işğalçı canilərdir. Orada günahsız azərbaycanlıların, dinc insanların qanını tökən canilər dəfn edilib. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan revanşistlərin yenidən hakimiyyətə gəlməsini önləməkdən ötrü onların bütlərini dağıdır. Çünki ehtiyat edir ki, revanşistlər Qarabağ məğlubiyyətindən istifadə edib onu devirəcəklər. Yerablur da bu baxımdan onun üçün bir təhlükə mənbəyidir. Ona görə də belə çıxış edir”.
Vidadi ORDAHALLI