Makron "Parisə “sağ ol” deməyi unudublar" dedi, Afrika liderləri etiraza qalxdı!
Fransa Prezidenti Emmanuel Makronun ənənəvi səfirlər konfransındakı bəyanatı Afrika ölkələrində narazılıq yaradıb. “Figaro” nəşrinin yazdığına görə, E. Makron çıxışında “Fransa 2013-cü ildən Sahil regionunda terrorla qarşı silahlı müdaxilə edib. Lakin Afrika rəhbərləri Parisə “sağ ol” deməyi unudublar. Amma bunun da vaxtı yetişəcək” – deyə iddia edib.
Makronun açıqlaması Afrika ölkələrində ciddi narazılıq yaradıb. Çadın Xarici İşlər Nazirliyi bu bəyanatı pisləyib. Nazir Abderahman Kulamallah bildirib ki, “Fransa rəhbərləri Afrika xalqlarına hörmət etməyi öyrənməlidir. Fransa heç zaman afrikalı əsgərlərin İkinci Dünya müharibəsində qurban getməsini tanımayıb. (Qitədə) son 60 illik mövcudluğu zamanı Fransanın rolu öz strateji maraqları ilə məhdudlaşıb, Çad xalqının inkişafına heç bir ciddi töhfəsi olmayıb”.
Seneqalın Baş naziri Usman Sonko isə sosial media hesablarında Makronun bəyanatının “tamamilə yanlış” olduğunu bildirib: “Tam əksinə, Fransa, Liviya kimi bəzi Afrika ölkələrində sabitliyin pozulmasına töhfə verdi ki, bu da Sahil regionunda təhlükəsizlik baxımından fəlakətlə nəticələndi”.
Mətləb Salahov