Bu il Konstitusiya referendumu keçirilə bilər - zəruri səbəblər müzakirədə...
Bəlli olduğu kimi, prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsinin 30-cu və İkinci Qarabağ müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır.
Bəzi ekspertlər düşünür ki, bu il Konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar.
Onu da qeyd edək ki, qanunvericilik sisteminin əsasını təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya hər zaman dövlətçilik ənənələrinin, hüquq qaydasının qorunmasına xidmət edir. Azərbaycan Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Əsas Qanun Konstitusiya quruluşunun vacib başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması xüsusi əhəmiyyət kəsb edir. Amma zamanın tələblərindən irəli gələn dəyişiklilər də önəmli hesab olunur. Burada bir daha xatırladaq ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib. Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Elman Məmmədov “Turan”a bildirib ki, ayrı-ayrı illərdə ölkə Konstitusiyasına müəyyən dəyişikliklər edilib: “Dünya inkişaf edir, müəyyən vəziyyətlər yaranır, bütün sahələrdə struktur və digər islahatlar aparılır. Müəyyən məsələləri də dünyada gedən proseslərlə uzlaşdırmaq lazımdır. Buna görə də bu dövrlər ərzində bir neçə dəfə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu”. Deputatın sözlərinə görə, 2025-in “Konstitusiya və Suverenlik İli” elan olunması mütləq o demək deyil ki, Konstitusiya dəyişəcək: “Ancaq ola bilər ki, Konstitusiyamızda referendum yolu ilə müəyyən dəyişikliklər olsun. Müəyyən struktur islahatları, idarəetmə qurumlarında müəyyən islahatlar aparıla bilər”. E.Məmmədov işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə formasının - prezidentin xüsusi nümayəndəliklərinin yaradıldığını xatırladıb: “Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, artıq idarəetmədə bu gün üçün özünü tam da doğrultmayan, vaxtını başa vurmuş müəyyən qurumlar var. Ola bilər ki, yenidən bu məsələyə baxılar, referendum keçirilər. Bələdiyyələr yarandığı gündən (1999-cu il) onlarla bağlı çoxlu qanun toplusu yaranıb, vaxtaşırı dəyişikliklər edilir. Ola bilsin, bələdiyyələrin idarəetməsi ilə bağlı yenidən dəyişikliklər olsun. İcra hakimiyyətləri ilə bağlı da nəsə ola bilər”. Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli “Azadlıq” radiosuna deyib ki, Azərbaycanda üç dəfə müxtəlif illərdə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilib. Onun fikrincə, yeni, bütün idarəetmə problemlərini çözməyə yardımçı olacaq Konstitusiyaya ehtiyac var: “Ehtimal var ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm də buna işarədir. Bəzi məlumatlar da vardı ki, hakim dairələrdə bu barədə müzakirələr gedir”. N.Cəfərli bildirir ki, ölkə prezidenti özü dəfələrlə icra hakimiyyəti institutunu tənqid edib: “Hətta həbslər oldu, onlarla icra başçısının yeri dəyişdi. Amma dəyişən bir şey yoxdur. İnstitusional olaraq həmin orqan necə vaxtı ikən insanların hörmətini qazanmamışdı, indi də bir çox hallarda regionlarda biznesin inkişafına maneçilik törədən orqana çevrilir... Ölkədə bu sayda rayonların olmasına ehtiyac yoxdur. Prezidentin fərmanı ilə 14 iqtisadi rayon yaradılıb, onların inzibati ərazi vahidinə çevrilməsi köhnə bölgüdən Azərbaycanın canını qurtarmış olar”. Ölkədə proporsional seçki sisteminin bərpasının önəmini vurğulayan partiya sədrinin sözlərinə görə, majoritar sistem effektiv deyil və səslərin 70 faizi nəzərə alınmır: “Dairədə ən çox səs yığan namizəd qalib gəlir, digər vətəndaşların səsi hesaba alınmır”. Xatırladaq ki, majoritar seçki sistemində kim çoxluğun səsini qazanırsa, o da seçilir. Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında bildirir ki, hüquqi dövlətdə yaşadığımızın, onun mexanizmini təkmilləşdirmək üçün addımlar atıldığının növbəti dəfə şahidi oluruq. O qeyd edir ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsini 30 il bundan əvvəlki tarixi hadisənin-müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbuluna verilən yüksək qiymət kimi qəbul etmək olar: "Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişilə cəmiyyətdə qarşıdurmanın qarşısını alması, Qarabağ məsələsini müəyyən mərhələyə çıxartması və keçiriləcək islahatların hüquqi bazasını yaratmaq üçün yeni Konstitusiya üzərində işə başlanılması tarixi hadisədir. 30 il bundan əvvəl Azərbaycan xalqı özünün gedəcəyi yolu-hüquqi, demokratik dövlətin yaradılması, insan hüquq və azadlıqlarının təmin edilməsi yolunu seçdi. 30 ildir Azərbaycan dövləti məhz bu prinsiplərə söykənərək, dövlət müstəqilliyini möhkəmləndirir. Cəmiyyətin bütün sahələrində böyük uğurlar əldə edilib. Konstitusiyanın qəbulu, islahatların keçirilməsi, dövlətin möhkəmləndirilməsi 5 il bundn əvvəl 44 günlük Vətən müharibəsini, 2 il bundan əvvəl isə bir günlük anti-terror əməliyyatını keçirməklə suverenliyimizin bərpasına səbəb oldu. Ona görə də 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi tariximizə verilən qiymətdir. Hesab edirəm ki, bir daha hüquqi dövlətdə yaşadığımızı, onun mexanizmini təkmilləşdirmək üçün addımlar atıldığını görürük və dövlətimizlə fəxr edirik".
Nahid SALAYEV