Heyvan kəsimi yerlərində mərkəzləşmiş kameralar quraşdırılacaq...
Akif Nəsirli: “Kamera quraşdırılması əlavə xərcə səbəb olmamalıdır”
Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, əksər xarici ölkələrdə bütün heyvan kəsimi məntəqələrində dövlət nəzarəti altında kameralar quraşdırılıb. Qardaş Türkiyə də bu sistemə keçir.
Maraqlıdır, Azərbaycanda ət kəsimi məntəqələrində kameralar quraşdırıla bilərmi? Xəstə, qeyri analoji heyvanların insanlara yedizdirilməsinin qarşısını bu yolla almaq olarmı?
“Bazara sağlam, gigiyenik şəraitdə kəsilən ətin çıxarılması üçün kəsim məntəqələrinə kamera quraşdırılmalıdır”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bazara keyfiyyətsiz ət çıxarılmasının qarşısını alan yollardan biri ət kəsimi məntəqələrinə kamera quraşdırılmasıdır. Ancaq bunu elə təşkil etmək lazımdır ki, bu iş sahibkarların ət kəsiminin qarşısını almağa yönəlməsin: “Sadəcə, məntəqələrdə təmiz, keyfiyyətli, gigiyenik şəraitdə ət kəsiminə şərait yaradılmalıdır. Bütün ət kəsimi məntəqələrində kamera quraşdırılması məsələsi şərt kimi qəbul olunarsa, o zaman bir neçə məntəqədə bu qaydaya əməl olunacaq, başqa bir məntəqədə isə kimsə rüşvət verəcək ki, kamera quraşdırılmasın. Azərbaycan hökuməti elə təşkil etməlidir ki, məmurlar kamera məsələsindən sui-istifadə edib rüşvət yığmasın”.
Ekspert hesab edir ki, bazara sağlam, gigiyenik şəraitdə kəsilən ətin çıxarılması üçün kəsim məntəqələrinə kamera quraşdırılmalıdır. Bu, insanların daha sağlam, daha təmiz şəraitdə kəsilmiş ətlə təmin edilməsinə yönəlik bir addımdır. Inkişaf etmiş, sivil ölkələrdə bu qayda tətbiq olunub. Bizdə də bu şəraitin yaradılması mümkündür. Bununla bərabər ət bolluğu da təmin edilməlidir. Kamera quraşdırılması əlavə xərcə səbəb olmamalıdır”.
Günel CƏLİLOVA