İran 110 minlik hərbi təlimlərə başlayır - Suriya uğrunda yeni plan...
Əli Orucov: “Bu təlimlər molla rejimini qorumaq məqsədilə keçirilir”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun 110 mindən çox əsgərinin iştirakı ilə yaxın günlərdə “Qüds zəvvarları” irimiqyaslı təlimləri keçiriləcək. Bunu Tehranda SEPAH-ın komandanı, briqada generalı Həsən Həsənzadə deyib.
Generalın sözlərinə görə, bu cür təlimlər “Müqavimət cəbhəsi”nə SEPAH qüvvələrinin dəstəyi dayandırmayacağını göstərmək məqsədilə keçirilir: “Bu təlimlər zamanı düşmən “Bəsic” qüvvələrinin gücünün yalnız kiçik bir hissəsini görəcək”.
Maraqlıdır, İran Suriya uğrunda yeni müharibəyə başlayır? Belə genişmiqyaslı təlimlərdə İranın məqsədi nədir?
“İranın Suriya uğrunda yenidən müharibəyə başlaması mümkünsüzdür”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bu təlimlər molla rejimini qorumaq məqsədi ilə keçirilir: “Əvvəla, ötən ilin 8 dekabrında Əsəd rejiminin çökməsi molla rejiminə böyük zərbə oldu. İranın bu rejimi qorumaq üçün qoyduğu sərmayələr batdı. İran məhz Suriya üzərindən Livanda HİZBULLAH-ı silahla təmin edirdi. Əsədin devrilməsi ilə bu logistik xətt bağlandı. Bu, İranın Yaxın Şərqdəki proksilərinə güclü zərbə oldu. Çünki təminat əsasən Suriya üzərindən həyata keçirilirdi. Həm İsrailin HƏMAS və HİZBULLAH-a qarşı apardığı öldürücü hərbi əməliyyatlar, həm də Suriyada Əsəd rejiminin 11 gün ərzində devrilməsi İrana endirilən güclü zərbə oldu. Bu, İrandakı rejimin devrilməsi məsələsini gündəmə gətirir. Ona görə də molla rejimi narahatdır. Digər tərəfdən, İranın Suriya uğrunda yenidən müharibəyə başlaması mümkünsüzdür. Birincisi, İranın Suriya ilə quru sərhədi yoxdur. İran İraq üzərindən Suriya ilə əlaqə qururdu. İraq ərəb dövləti olduğu üçün bundan sonra imkan verməz ki, İran Suriyaya müdaxilə etsin. İkincisi, Suriya əhalisinin böyük hissəsi sünni məzhəbini təmsil edir. Şiyə çoxluğu olsaydı, bəlkə də Tehran rejiminin hansısa şansı olardı. O üzdən, heç bir halda İranın Suriyada əvvəlki nüfuzunu bərpa edəcəyi real deyil. Üçüncüsü, Əsəd rejimi devriləndən sonra Suriyada əsas aktor Türkiyədir. Bunu bütün dünya qəbul edir. Təsadüfi deyil ki, proseslərin sürətli və ağrısız getməsi məhz Türkiyənin sayəsində mümkün oldu. Türkiyə Suriyada yeni hökumətin qurulmasına, strukturlaşmasına yaxından kömək edir. Bu baxımdan, Tehran rejimi nə etsə də əvvəlki məqsədlərinə çata bilməyəcək. O üzdən, SEPAH təlimləri heç nəyi dəyişməyəcək. Hətta ola bilsin ki, ABŞ-ın yeni prezidenti Donald Tramp İranda molla rejiminin devrilməsi ilə bağlı hərəkətə keçsin. Çünki onun İrana qarşı necə radikal mövqedən çıxış etməsi, birinci prezidentliyi dövründə atdığı addımlar çoxlarına məlumdur. Ona görə də İranı çətin sınaqlar gözləyir”.
Vidadi ORDAHALLI