İran Suriyadan sonra İraqdan da qovula bilər - Tramp Bağdada xüsusi mesaj göndərdi...
İraq mətbuatı adı açıqlanmayan mənbəyə istinadən xəbər yayıb ki, yanvarın 20-də ABŞ prezidentliyinə başlayacaq Donald Tramp İraqın baş naziri Məhəmməd Şia Sudaniyə xüsusi mesaj göndərib.
Mesajın Trampın nümayəndəsinin gizli səfəri zamanı İraq rəhbərliyinə verildiyini bildirən mənbə iddia edib ki, Tramp İraqdan dövlət nəzarətindən kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların zərərsizləşdirilməsini və bu qrupların fəaliyyətlərinin məhdudlaşdırılmasını istəyib.
Tramp mesajında həmçinin İrana bağlı qrupların fəaliyyətinin məhdudlaşdırılmasını, İraqın Suriya məsələsinə qarışmamasını, Suriyanın yeni hökumətinin qurulmasına dəstək verilməsini istəyib.
İraq hökumətindən olan mənbə İraqın regionda təhlükəsizliyin təmin edilməsi üçün intensiv səylər göstərdiyini və Sudaninin İrana səfəri zamanı İraqın bu məsələ ilə bağlı fikirlərini Tehrana çatdıracağını bildirib.