Prezident "qara qutudan" daha əvvəl təyyarəmizin vurulması cinayətinin anatomiyasını dəqiq arqumentlərlə açdı...
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yeni paylaşım edib.
Paylaşımda deyilir:
Vurulmuş təyyarəmizin sağ qalmış heyət üzvlərilə görüşdə Prezident İlham Əliyev törədilmiş cinayətin demək olar ki, tam və apaydın anatomiyasını açdı. Məsələn, bunları dedi:
1. Mülki təyyarə üçün orada uçuşun təhlükəli olduğunu ifadə edən "Xalça planını" öncədən tətbiq etməyiblər .
2. Radioelektron mübarizə vasitələrilə təyyarəmizi idarəolunmaz hala salıblar.
3. Yerdən vurublar.
4. Vurulmuş zədəli təyyarəni yaxın limanlara yox, dənizüstü uçuş limanına yönəldiblər ki, dənizə düşsün.
5. Hadisənin ilkin səbəbi kimi "quş dəstəsi və oksigen balonu" versiyalarını şüurlu şəkildə ictimailəşdiriblər.
Cinayətin əməlli-başlı düşünərək həyata keçirildiyini bunlardan artıq sübut edə bilən daha hansı arqumentləri gətirmək olar?!.. Heç bir arqument...
Prezidentin bu arqumentləri Braziliyada hazırda oxunmaqda olan "qara qutudan" daha əvvəl cinayətin anatomiyasını, yəni necə həyata keçirildiyini sübut edir.
Tahir TAĞIYEV