İldə 239 ton barama nədir ki? - O da hər il sürətlə azalır…
Kamran Məmmədli: “Fermerlərə mənfəət qalmadığı üçün onlar baramaçılıqla məşğul olmaq istəmir”
Azərbaycanda baramaçılıq tarixi bir ənənəyə malikdir və bu sahə, xüsusilə Dağlıq Şirvan, Quba, və Lənkəran bölgələrində geniş yayılıb. Bu ənənəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün ölkədə kənd təsərrüfatında önəmli yerlərdən birinə malik baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb, o cümlədən müxtəlif proqramlar və layihələr həyata keçirilib.
2017-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə dövlətin ciddi qayğısını özündə ehtiva edir. Lakin rəsmi olaraq açıqlanan son statistik göstəricilərə nəzər yetirdikdə, son aylar Azərbaycanda bu sahədə məhsuldarlığın kəskin azaldığı müşahidə olunur.
Açıqlanan statistik məlumatlara əsasən, Azərbaycanda barama istehsalı aşağı düşüb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 239,4 ton barama istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən barama istehsalı 32,9 faiz azalıb.
“Barama istehsalını artırmaq üçün bu sahədə görülən işlər artırılmalıdır, Azərbaycanda baramaçılıq kütləvi xarakter almalıdır”
İqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda ipəkçiliyin inkişafı istənilən səviyyədə deyil və problemlər mövcuddur: "Qeyri-neft sektoru üzrə ixrac potensialımızda ipəyin çox mühüm yeri var. Bu sahənin geriləməsinin səbəbi kənar amillər deyil, sırf daxili səbəblərdir. Fərdi təsərrüfatlarda bu işə maraq artırılsa, emal prosesi ilə xammalın əldə olunması arasında zəncirvari əlaqə təmin olunsa, ixrac stimullaşdırılsa, ipək ölkəyə ciddi məbləğdə valyuta gətirə bilər. Baramaçılıq ənənəvi və gəlirli sahələrdən biridir. Məlumat üçün bildirim ki, 1970-ci ildə Azərbaycanda 4000 tona yaxın barama istehsal olunub. 1980-ci ildə isə bu rəqəm 5 min tona çatıb. 1991-ci ildən sonra isə barama istehsalı kəskin şəkildə aşağı düşdü. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilib. Barama istehsalını artırmaq üçün bu sahədə görülən işlər artırılmalıdır. Azərbaycanda baramaçılıq kütləvi xarakter almalıdır. Əhalinin baramaçılığa marağı artmalıdır. Azərbaycanda fermerlər baramanın becərilməsi, saxlanılması ilə məşğul olurlar, amma onun biznesi ilə özləri məşğul ola bilmirlər. Barama becərən fermerlərin hamısı mərkəzləşdirilmiş qaydada bir neçə məntəqəyə məhsulu təhvil verməklə işini bitmiş hesab edir. Ancaq işin daha böyük tərəfi məhsul istehsal olunduqdan sonra onun kommersiya hissəsindədir. Kommersiya hissəsini isə bir neçə şirkət həyata keçirir. Ona görə də onlar baramanı razılaşdırılmış qiymətə alırlar, yüksək qiymətə satırlar. Əsas mənfəət də elə həmin o qəbul şirkətlərinə çatır. Yəni baramanı istehsal edənlər əziyyətini çəkirlər, becərirlər və demək olar ki, maya dəyərinə məhsulu həmin qeyd etdiyim qəbul şirkətlərinə satırlar. Fermerlərə mənfəət qalmadığı üçün onlar baramaçılıqla məşğul olmaq istəmir”.
Günel CƏLİLOVA