“Əliyevi Rusiyaya qarşı sərtləşdirən Qərb kəşfiyyatıdır” - erməni siyasətində absurd ideya...
Sahil Kərimli: “...Gülüncdür, reallıqdan qat-qat uzaqdır”
Ermənistan siyasətçiləri, bir qayda olaraq, Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Düşmən olanda nə olar ki, amma istənilən məsələyə ədalətli yanaşmaq qızıl qaydadır. Amma təəssüflər olsun ki, erməni siyasilər bunu anlamaq istəmirlər, hətta facilərdən belə yararlanmağa, hansısa nüansları bizim əleyhimizə yönəltməyə, dezinformasiya yaymağa, absurd iddialar səsləndirməyə çalışırlar.
Ermənistan Milli Assambleyasının deputatı Tiqran Abramyan da hər zaman əsassız iddialarla çıxış edən siyasilərdəndir.
Bakıdan Qroznıya reys həyata keçirən AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasından və bununla bağlı Azərbaycanın bəyanatlarından sonra erməni siyasətçilər yeni uydurmalar ortaya atıblar. Azərbaycan Prezidenti olayın baş vermə səbəblərini açıq şəkildə bəyan etdi və eyni zamanda təyyarəmizin Rusiya tərəfindən vurulduğunu, buna görə qonşu ölkənin atmalı olduğu addımları qeyd etdi. Bu çox normal yanaşmadır və bir ölkənin Prezidentinin atmalı olduğu addım idi ki, bu addımı Prezident İlham Əliyev atdı.
Amma di gəl ki, Tiqran Abramyan kimi adını siyasətçi qoyanlar absurd fikirlərlə məsələni qarışdırmaq məqsədi güdür. Abramyan iddia edib ki, Azərbaycan Prezidenti İlham Əliyev təyyarə olayı ilə bağlı Rusiyaya sərt ritorikanı guya “Qərb kəşfiyyat rəhbərlərinin tapşırığı ilə edir”.
“Biz burda daha çox müəyyən təxribat yaradacaq çalarlar da görürük”
Məsələyə şərh verən siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə “Görünən odur ki, Ermənistanın bəzi siyasi dairələri və siyasətçiləri yenə də absurd, gülünc iddiaları ilə özlərini ironiya obyektinə çevirməyə çalşırlar. Biz burda daha çox müəyyən təxribat yaradacaq çalarlar da görürük. Reallıq bundan ibarətdir: ortada çox böyük faciə var, Azərbaycanın təyyarəsi Rusiya tərəfindən vurulub və bu azmış kimi təyyarənin Rusiya ərazisinə enişinə icazə verilməyib, nəticədə çox böyük faciə yaranıb. Azərbaycan dövlətinin, şəxsən Prezient İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və təpkisinin şahidi olduq. Həmişə olduğu kimi, biz burda Azərbaycan Prezidentinin haqlı olaraq sərt qətiyyət nümayiş etdirməsini gördük və Rusiya tərəfinə çox ciddi mesajlar göndərilmiş oldu. Əlbəttə, bu, son illərin, son ayların siyasəti deyil. Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə daim Azərbaycan dövlətinin milli maraqlarını, Azərbaycan xalqının maraqlarını birmənalı şəkildə qoruyub və xalqın bu etimadından güc alaraq öz qətiyyətli müstəqil siyasətini həyata keçirib. Bu baxımdan, Prezident İlham Əliyev haqlı olaraq Azərbaycan dövlətinin mövqeyini ortaya qoydu. Burda hansısa cəfəng iddialar irəli sürmək, guya hansısa Avropa dairələrinin təzyiqinin, Qərb kəşfiyyatının “tapşırıqlarının” olduğunu demək gülüncdür, reallıqdan qat-qat uzaqdır. Çünki Azərbaycan dövləti onsuz da Qərbə, Avropaya qarşı, eyni zamanda da digər beynəlxalq güclərə qarşı öz haqlı, milli dövlətçilik maraqlarına əsaslanan siyasi qətiyyətini daim nümayiş etdirib” - deyə bildirdi.
S.Kərimlinin sözlərinə görə, biz bu gün Avropanın, Qərbin ədalətsiz təzyiqləri və qarayaxma kampaniyaları ilə üz-üz üzəyik.
S.Kərimli qeyd etdi ki, paralel olaraq Prezident Əliyev son günlərdəki bəyanatlarında da Qərb dairələrinin, xüsusilə Avropanın Azərbaycana qarşı ədalətsiz, qərəzli, düşmənçilik siyasəti yürütdüyünü də sərt şəkildə bəyan edib: “Həmin dairələrə öz ciddi mesajlarını göndərib. Yəni görünən odur ki, Azərbaycana qarşı ədalətsiz, qərəzli mövqe tutan istər Qərb ölkələri, istər Rusiya, istərsə də digər beynəlxalq dairələr olsun, anındaca layiqli cavablarını, mesajlarını alırlar. Bu da, təbii ki, Azərbaycanın bölgədə xüsusi güc sahibi olduğunu, xüsusi mövqedə dayandığını, Cənubi Qafqazın lider ölkəsi olduğunu bir daha nümayiş etdirmiş olur”.
İradə SARIYEVA