Suriya uğrunda savaş qızışır – Rusiya da oyunun içindədir...
Mətləb Salahov: “Vladimir Putin Suriyadakı yeni proseslərdə əsas iştirakçılardan biri olmağa çalışır və Türkiyəyə qarşı “kürd kartını” yeni formada işə salır”
“Hazırda Suriya uğrunda dünya güclərinin amansız mübarizəsi başlayıb”
Bəşər Əsəd və ailəsinin 61 illik hakimiyyəti süqut etsə də, daima onları dəstəkləyən Rusiya yenə Suriyadakı proseslərdə iştirak etməkdə israrlıdır. B.Əsədin tonlarla qızıl və milyardlarla dolları Moskvaya daşımasından sonra bir çoxları Vladimir Putin hakimiyyətinin Suriyadakı proseslərdə gözləmə mövqeyi tutacağını düşünsə də bu baş vermədi. Jurnalist-ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bildirib ki, artıq Moskvada yeni Suriya ilə bağlı yep-yeni planlar hazırlanıb və Kremldəki sonuncu mətbuat konfransında Vladimir Putin artıq bunun ilkin mesajlarını da vermişdi. Türkiyənin Suriyadakı son proseslərdə, xüsusilə B.Əsəd rejiminin devrilməsindəki aktiv rolundan qəzəblənən V.Putin, kürdlərin bu torpaqlarda özlərinin dövlət qurmaq hüququ barədə danışmışdı: “Elə həmin mətbuat konfransındaca bir çox analitiklərə məlum oldu ki, V.Putinin Rusiyası B.Əsədin devrilməsindən sonra Suriyadakı proseslərə “od vurmaq” üçün gün sayır. Qısaca xatırlatma edək. Həmin mətbuat konfransında V.Putin bunları deyirdi: “Bəzi avropalı siyasətçilər mənə xatırlatdılar ki, Birinci Dünya müharibəsindən sonra kürdlərə öz dövlətlərini yaratmaq vəd edilib, lakin onlar aldanıblar. Bu gün bölgədə 30-35 milyon kürd yaşayır və bu, ciddi kürd problemi yaradır. Türkiyənin Kürdüstan Fəhlə Partiyası (PKK) ilə onilliklərdən bəri problemi var. Bununla belə, Türkiyə ilə kürdlər arasında şiddətin artmasının qarşısını almaq vacibdir. Türkiyənin təhlükəsizliyinin təmin edilməsi kürd qüvvələrinin öz sərhədindən uzaqlaşdırılmasını tələb edə bilər, lakin bu, danışıqlar məsələsidir”.
Keçmiş KQB generalı açıq-aşkar masaya kürd məsələsini gətirir və Moskvanın bölgədəki yeni proseslərə bu “kartdan” istifadə edərək müdaxilə edəcəyini elan edirdi. Bəli, son proseslər məhz Türkiyənin siyasi dirijorluğu ilə baş verdi və heç şübhəsiz ki, Moskva və Tehran Suriyadakı acınacaqlı məğlubiyyətləri üçün ilk hədəf kimi Türkiyəni seçəcəklər. Əlbəttdə, V.Putin kimi təcrübəli siyasətçi gərək vaxtında B.Əsədi “əldən çıxarıb” Suriyada çevik proseslərə başlamalı idi. Açıq-aşkar görünür ki, bütün rıçaqları çürümüş B.Əsəddən beş əllə yapışıb durmaq Moskva üçün baha başa gəlib və indi V.Putin üzdən müttəfiq dediyi Türkiyə və Ərdoğana qarşı Suriyada ciddi mübarizəyə başlayır. ABŞ-la yanaşı PKK və YPD kimi teror təşkilatlarına “atalıq edən” Moskva, yeni dönəmdə onları işə salmağa qərar verib. Üstəgəl Suriyadakı hərbu qüvvələrini də bölgədə saxlamağa qərar verən Moskva, Suriyadakı yeni qüvvələrlə dil tapmaq və siyasi mövcudluğunu sürdürmək üçün var gücünü ortaya qoyacaq.
Əlbətdə, bu iş daxili silahlı qruplaşmalar arasındakı toqquşmaları alovlandlırmaq, Moskvanın maraqlarını nəzərə almasa, hazırkı yeni hakimiyyət qüvvələrinə qarşı müxalif qüvvələri, xüsusilə PKK və onun törəmələrini ayağa qaldırmağa qədər gedib çıxa bilər. Onsuzda hazırda Suriya keçid hökumətinin rəhbəri Əhməd əş-Şara hakimiyyəti ilə açıq düşmənçilik edən PKK və digər silahlı qruplaşmalar əlbəttdə istənilən an Moskvanın “əlinə oynaya bilər”. Necə ki, bu vaxta qədər bu terror qruplaşmaları bölgədə ABŞ-la yanaşı Moskvanın da əlinə oynayıblar. Elə Türkiyənin özünə qarşı. Əlbəttdə Suriyadakı yeni proseslərdə İran da Rusiyanın yanında yer alır. Onsuz da bölgədə heç vaxt müstəqil mövqeyi olmayan rəsmi Tehran daima Moskvanın arxasınca “sürünüb”. İsrail tərəfindən Yaxın Şərqdə HƏMAS və “Hizbullah” kimi əsas “qolları kəsilən” rəsmi Tehran da Türkiyədən qəzəblidir və NATO ölkəsi sayılan rəsmi Ankaranın cəzalandırılması üçün nə desən etməyə hazırdır. Bundan başqa bölgədə İsrail, ABŞ, Fransa və Almaniyanın da aktiv hərəkətə keçməsi Rusiyanı daha qabağa düşməyə və yeni Suriya siyasi xəritəsində daha tez mövqe tutmağa sövq edir.
Əlbəttdə, hər kəsə məlumdur ki, dünya gücləri Suriyada öz maraqlarını təmin etməsələr, bu ölkədəkli silahlı qarşıdurmalar heç zaman bitən deyil. Elə Qərb ölkələrinin liderləri və XİN rəhbərləri səviyyəsindəki açıqlamalar da açıqca onu sübut edir ki, Dəməşqdəki sakitlik onların maraqlarının nəzərə alınması ilə mümkün ola bilər. Baxın görün Almaniya XİN rəhbəri Annalena Berbok Dəməşqə səfəri zamanı nə bəyanat verir. SİTAT: “Almaniya xarici işlər naziri səfərini Avropa ilə Suriya arasında yeni bir siyasi başlanğıcın mümkünlüyü barədə açıq mesaj vermək məqsədilə həyata keçirdiklərini açıqlayıb. O qeyd edib ki, yeni başlanğıc yalnız bütün suriyalılara ayrı-seçkilik edilmədən hüquq və müdafiə təmin edildikdə və siyasi proseslərdə yer verildikdə mümkün olacaq.” Üstəlik adı qara dərili zəncilərlə seks skandalında hallanadırılan bu alman xanım nazir, Rusiyanı öz qoşunlarını Suriyadan çıxarmağa dəvət edib. Buyurun, bu da sizə B.Əsəddən sonrakı yeni Suriya üçün qoyulan ŞƏRT!
Xüsusilə Suriyanın böyük təbii sərvətləri olan ərazilər uğrunda Qərb dairələri ilə yanaşı Rusiya da aktiv mübarizəyə qoşulur. Çox güman ki bu məsələdə Qərblə yanaşı Rusiya da Türkiyəyə qarşı əks mövqedə dayanacaq. Nəzərə alsaq ki, Suriyanın böyük iqtisadi potensial coğrafiyasına hazırda PKK və YPG kimi türror təşkilatları nəzarət edir, o zaman bu prosesin qansız-qadasız sovuşmayacağı gün kimi aydındır. Gün kimi aydındır ki, həm Qərb, həm də hazırda Ukraynada ona düşmənçilik edən Rusiya Türkiyənin Suriyadakı yeni aparıcılıq missiyasından, keçid höküməti formalaşdırmasından bərk narahatdırlar. Həttda bu məsələnin əsl mahiyyəti başqa olsa belə.
Bütün bu baş verənlərdən sonra gəlinən nəticə odur ki, Suriya yenə də “qaynar qazan” olmağa davam edəcək. Bu torpaqlarda mövcud olmaq üçün çarpışan qüvvələr bu ərazilərdə dinc, sivil inkişaf üçün qapıları çoxdan qapadıblar.”
Namiq Quliyev