Rusiyada Azərbaycan vətəndaşlarına münasibət dəyişdi - cavabı da verildi...
Azər Allahverənov: “Yeni iki tələb Rusiyada Azərbaycan vətəndaşlarına münasibətdə qüvvəyə minmiş qaydalara adekvat addımdır”
Məlum olduğu kimi, yanvarın 1-dən etibarən Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı qarşılıqlı olaraq fərqli qaydaların müəyyən edilməsi haqqında" Qərarda əksini tapıb.
Qərara əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz. Bundan əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.
Xatırladaq ki, bundan öncə Rusiya da analoji qərar qəbul edib. Belə ki, artıq Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
“Azərbaycanda yanvarın 1-dən qəbul edilən yeni qaydaya əsasən Rusiya vətəndaşı ölkə ərazisində 90 gün qala bilər”
Mövzu ilə bağlı fikir bildirən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya hökuməti miqrasiya sahəsində nizam-intizam yaratmaq üçün miqrasiya qanunvericiliyinə müəyyən sərtləşdirici elementləri tətbiq edib. Bu sərtləşdirici elementlər ölkə ərazisində olma müddəti, sonrakı mərhələdə məktəbdə təhsil alan uşaqların bir qayda olaraq rus dilində danışması ilə bağlıdır. Fevral ayından etibarən isə bir neçə struktur inzibati xəta törədənlərin ölkə ərazisindən çıxarılmasına dair qərar qəbul edə bilər. Bu da onu göstərir ki, Rusiya hökuməti ölkə ərazisində yaşayan miqrantlarla bağlı nizam-intizam yaratmaq üçün belə bir addım atıb: “Rusiyada tətbiq olunan bu qayda bütün miqrantlara şamil olunur. Həmin miqrantların öz ölkələrində Rusiya vətəndaşları ilə bağlı eyni qayda var. Azərbaycanda da yanvarın 1-dən qəbul edilən yeni qaydaya əsasən Rusiya vətəndaşı ölkə ərazisində 90 gün qala bilər. Həmin ölkənin vətəndaşı 7 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əvvəl bu müddət 15 gün idi. Yeni iki tələb Rusiyada Azərbaycan vətəndaşlarına münasibətdə qüvvəyə minmiş qaydalara adekvat addımdır. Ümumiyyətlə, hər bir ölkə çalışır ki, miqrasiya sahəsində effektiv idarəetmə üsulları tətbiq etsin. Rusiya hökuməti miqrasiya sahəsində çox ciddi islahatlar həyata keçirir. Faktiki olaraq, hökumətin əsas məqsədlərindən biri qanunsuz miqrasiya ilə effektiv mübarizə aparmaqdır. Rusiya hökuməti bunun üçün müxtəlif üsullardan istifadə edir. Bu üsullar arasında miqrasiya qaydalarının bir qədər sərtləşdirilməsi də yer alır”.
Günel CƏLİLOVA