Cərrahi əməliyyatı canlı yayıma çıxaran həkimlər...
Pərvanə Mustafayeva: “Cərrahiyyə əməliyyatının canlı yayımda göstərilməsi ucuz şou, reklam məqsədinə xidmət edir”
Son illər həyatımızın bir parçasına çevrilən sosial şəbəkələr həm də özünə auditoriya toplamaq baxımından çox əhəmiyyətlidir. Bir çox şirkətlər öz məhsullarını sosial şəbəkə vasitəsilə reklam edir, daha çox insana çatmasına nail olurlar.
Son vaxtlar müxtəlif peşə sahibləri, həkimlər də bu üsuldan istifadə edərək bacarıqlarını paylaşırlar. Ancaq bu hal etik baxımdan düzgün sayılmır. Belə ki, həkimlər cərrahi əməliyyat edən zaman belə sosial şəbəkədə canlı yayım açır, izləyicilərin suallarını cavablandırır, gördüyü iş haqqında məlumat verir. Ancaq steril mühitin pozulmasını, pasiyentin sağlamlığının risqə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.
“Cərrahiyyə əməliyyatları kifayət qədər məsuliyyət, diqqət tələb edən bir işdir, buna barmaqarası yanaşmaq, reklam alətinə çevirmək olmaz”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cərrahiyyə əməliyyatının canlı yayımda göstərilməsi ucuz şou, reklam məqsədinə xidmət edir: “Əməliyyatxanadan birbaşa canlı yayım açmaq, pasiyenti cərrah masasında hamıya göstərmək həkim etikasına, əxlaqına ziddir. Bunu ancaq öyrədici məqsədlərlə, kütləvi yox, məhdud qruplarda paylaşmaq olar. Bu da rezidentlər, tibb təhsili alanlar üçündür. Nəzərə almaq lazımdır ki, canlı yayımlar əməliyyatın gedişi boyunca səhvlərə səbəb ola bilər. Canlı yayım zamanı həkimin, tibb bacısının fikri dağıla, elə bir səhvə yol verə bilər ki, bu, pasiyentin həyatı bahasına başa gələr. Cərrahiyyə əməliyyatları kifayət qədər məsuliyyət, diqqət tələb edən bir işdir. Buna barmaqarası yanaşmaq, reklam alətinə çevirmək olmaz. Ümumiyyətlə, xəstənin icazəsi, şəxsi razılığı olmadan onunla bağlı tibbi prosedurun ictimailəşdirilməsi qadağandır, hüquqi pozuntudur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur: “Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir”.
Günel CƏLİLOVA