DƏYƏRLİ TƏRCÜMƏLƏR
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çox məhsuldar əməkdaşlarından biri də farsdilli əlyazmalar şöbəsinin böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. Onun fars və ərəb dilindən olduqca dəyərli tərcümələri vardır. Bu yazımızda oxuculara Rauf müəllimin bəzi kitabları haqqında məlumat vermək istəyirik.
Raif Şeyxzamanlının fars və ərəb dillərindən tərcümə edib, izahlar və şərhlərlə birlikdə nəşrə hazırladığı Şahzadə Nadir Mirzə Qacarın “Təbriz Darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxslər” kitabı “Elm” nəşriyyatında çap olunmuşdur. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, tərcümənin redaktoru f.ü.f.d. Nəsib Göyüşov, rəyçisi Məhəmməd Əmin Sultan ol-Qurraidir. Kitabın annotasiyasında oxuyuruq: “Bu kitabda Qacaqrlar sülaləsinin nümayəndəsi, bir neçə dəyərli əsərin müəllifi olan şahzadə Nadir Mirzə Təbriz şəhərində baş vermiş ən mühüm tarixi hadisələr və təbii fəlakətlər, sakinlərin keçirdiyi dini mərasimlər və milli bayramlar, əhalinin gündəlik yaşayışı və əyləncələri, burada bişirilən xörəklər, şəhərin ab-havası, coğrafi məkanları, məhəllələri, qədim tikililəri, kəhrizləri, qəbristanlıqları, bağlarında yetişdirilən meyvələr, buranın siyasət və din xadimləri, alimləri, şairləri, sərkərdələri və digər məşhur adamları haqqında tarixi sənədlərə və şəxsi müşahidələrə əsaslanan geniş və dəqiq məlumat vermişdir”.
Rauf Şeyxzamanlı kitaba yazdığı “Nadir Mirzənin nadir əsəri” adlı ön sözdə Nadir Mirzənin (1827-1885) Astrabadda doğulduğunu, ömrünün çox hissəsini Təbrizdə yaşadığını, mükəmməl təhsil aldığını, doğma türk dilindən əlavə fars, ərəb və fransız dillərini bildiyini, fars dilində, kulinariyadan bəhs edən “Karnamə”, ərəb dilində atalar sözləri və zərb-məsəllərdən ibarət “Nəvadirül-əmsal”, anatomiyaya aid “Təşrihül-insan” adlı risalələri və hazırda oxuculara təqdim olunan “Tarixü coğrafiyi-darüssəltəneyi-Təbriz be-zəmineyi-şərhi-hali-büzürgan” və ya “Tarixi-Təbriz” adlı məşhur əsəri oldğunu qeyd edir, əsər haqqında məlumat verir və bu əsərin nəşrə hazırlanmasında iki nüsxədən istifadə etdiyini bildirir: Əlyazmalar İnstitutunda saxlanılan XIII-178 şifri altında saxlkanılan daşbasma nüsxəsi və 2014-cü ildə Təbrizdə “Aydan” nəşriyyatında çap olunmuş nüsxə.
Kitabın müqəddiməsi “bismillah”la başlayır, kiçik nəzm, nəsr, nəzm, nəsr hissələr təqdim olunur və kitabın yazılma səbəbi açıqlanır, sonra tarixi mövzuda “Bu belədir” başlıqlı 51 beytlik bir “olub” rədifli qəsidə verilir, yenə yığcam nəsrlə yekunlaşır.
Müəllif kitabda “Təbriz” başlığı altında şəhərin salınmasından, onu inşa edənlərdən və onların haqqında olan fikir ayrılıqlarından, bir sıra tarixi hadisələrdən və bu hadisələrin iştirakçılarından bəhs edir. “Təbrizin coğrafiyası” başlığı altında məkanlar, imarətlər, hava, sular haqqında bəhs açır, Təbrizin kəhrizlərindən ayrı-ayrılıqda danışarkən, bəzi şəxsiyyətlər haqqında məlumat verir və arada hekayətlər də təqdim edir. Sonra şəhərin əhalisinin sayı haqqında, məhəllələr haqqında söz açır, yenə də bəzi tarixi şəxsiyyətlər haqqında danışır. Burada Peyğəmbərimizin (s) əcdadlarından danışır və bir sıra tarixi kitablara müraciət edərək, bəzi hadisələri diqqətə çatdırır. Təbrizin qədim və yeni binalarından, məscidlərdən, mədənlərdən bəhs edərkən, yenə də bir sıra insanları təqdim edir, arada hekayətlər verir, Təbrizin qədim və yeni məqbərələrindən, qəbristanlıqlarından, tarixi şəxsiyyətlərin məzarlarından danışır. Kitabda “Təbrizin şairləri, həkimləri, ədibləri haqqında söz açır. Təbriz qalasından, Dünbüli tayfasından,bir sıra bəylərdən, xanlardan, Qacarlar dövründə Təbriz hakimlərindən, ordu əmirlərindən bəhs edərkən yenə də müxtəlif məzmunlu hekayətləri təqdim edir. Təbrizin bağlarından, meyvələrindən, hətta barsız ağaclarından, təbriz əhlinin soy-lökündən, adət-ənənələrindən, yeməklərindən, dini və milli mərasimlərindən, Təbrizin görkəmli ailələrindən söz açır. Burada müxtəlif sənədlər də diqqətə çatdırılır. Kitabın sonunda izahlar, adlar götəricisi verilmişdir.
Bu kitabın dilimizə tərcüməsi heç də asan iş deyiıdir. Tərcüməçinin uzun illərinin zəhməti, səyi nəticəsində ərsəyə gəlmişdir. Kitab keçmişimizi, tariximizi öyrənmək baxımından olduqca maraqlı və zəngin mənbədir. Alimlər, tədqiqatçılar, doktorantlar və tələbələr üçün dəyərli vəsaitdir. Rauf müəllimi bu uğuruna görə təbrik edir, ona müvəffəqiyyətlər arzulayırıq.
***
Rauf Şeyxzamanlının növbəti uğurlarından biri də fars dilindən tərcümə etdiyi “Behcətür-ruh” əsəridir. Əsərin müəllifləri haqqında müxtəlif mənbələrdə mübahisəli fikirlər vardır. Müəllif kimi Əbdülhüseyn ibn Mehdi Şirazi və ya Əbdülmömin ibn Səfiəddin göstərilir.
Tərcümənin redaktorları f.e.d. Nəsib Göyüşov, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq ü.f.d. Suraya Ağayeva, elmi məsləhətçi f.e.d. Paşa Kərimovdur.
Kitab Əlyazmalar İnstitutunda M-448 (əvvəlki A-11970 şifri altında mühafizə edilən, nəstəliq xətti ilə yazılmış əlyazma əsasında hazırlanmışdır.
Kitabın annotasiyasında oxuyuruq: “Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli və ətraflı bilgilərlə yanaşı digər qaynaqlarda rast gəlinməyən rəvayətlər, dairələr və cədvəllər yer alçışdır. Hazırda əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli bir məlumat mənbəyinə çevrilmişdir. Risalənin musiqi aləmində geniş şöhrət qazanmasına baxmayaraq, onun adı, müəllifi, yazılma tarixi, tərkibi və tərtibi indiyə qədər dəqiq müəyyənləşdirilməyib və tədqiqatçıların mübahisələrinə səbəb olaraq qalmaqdadır”.
Əsəri “bismillah”la başlayan müəllif Allaha həmdü səna edir, Peyğəmbərə (s) və Əhli-beytinə (ə.m.) Allahın salamını, düşmənlərinə Allahın lənətini göndərir. Sonra gözəl bir musiqi məclisini təsvir edir, burada oxunan muğamlardan obrazlı şəkildə söz açır. Burada dostların musiqi elminə aid bir risalə yazılması məsələsini ortaya gətirdiklərini, məsələnin məclisdəki Əbu Cəfər bin Malik Bərməkinin qulağına çatdırıldığını, onun bir yığıncaq təşkil edib, həmin fənn sahiblərini topladığını, nəhayət, risalənin yazılmasının ona tapşırıldığını, əlini sinəsinə qoyub razılıq verdiyini, yığıncaqdan çıxan kimi fənnə aid nüsxələri topladığını, dünyanın hər yerinə məktub yazıb, bütün məlumatları əldə etdiyini, onları mütaliə edib, araşdırıb mirvari kimi sapa düzdüyünü, bu risaləni yazdığını bildirir və risalə haqqında qısa məlumat verir.
Risalə müqəddimə, on bab və xatimədən ibarətdir. I babda filosofların musiqi elmi haqqında qısa və ya əhatəli şəkildə söylədiyi fikirlər, II babda bəzi alimlərin musiqi ilə bağlı fikirləri araşdırılmışdır. III babda musiqinin insan vücuduna təsirindən, IV babda musiqinin yeddi göy cismi ilə əlaqəsindən bəhs edilmişdir. Burada cədvəllər verilmişdir ki, muğamların, şöbələrinin, hissələrinin adları və s. yazılmışdır. Rauf Şeyxzamanlı aydın olsun deyə, həmin adları ayrıca siyahı şəklində təqdim etmişdir ki, burada 210 termin vardır. V babda üsul bəhrləri və onların hərəkətləri qeyd edilmişdir. VI bab altı fəsildə təqdim olunmuşdur və mənzumdur. Burada musiqi dövrləri və muğam adlarının miqdarı qeyd olunmuşdur ki, I fəsildə 12 pərdə, orta şöbələr və müxtəlif söhbətlər, II fəsildə 24 şöbə və 12 muğam,III fəsildə avazların 12 muğamdan necə alınması və necə ifa edilməsi, IV fəsildə musiqi elminin bəhrləri və üsulları, V fəsildə 12 muğamın adı, VI fəsildə altı avaz haqqında danışılmışdır ki, burada 7 nəzm vardır.
VII babda muğam pərdələrinin Merkuri, Ay və Venera kimi göy cismlərinə müvafiq tərtibi, VIII babda məclislərdə hər kəsin nəyi oxuması, davranışı haqqında bəhs açılmışdır. IX babda muğamların yerləşdirildiyi cədvəllər verilmiş, muğamlardakı banglardan danışılmış, sonda Şeyx Səfiəddin Marağidən Həzrəti-Əli (ə) haqqında rəvayət qeyd edilmişdir. X babda alimlərin musiqiçinin rəftarı haqqında dedikləri 3 fəsildə qeyd olunmuşdur: şərafətli musiqiçinin rəftarı haqqında, münasib yeməklərhaqqında,musiqiçi cahil və istedadsız olsa belə şərtlərə əməl etməlidir. Kitabda müxtəlif təsniflər, musiqi alətləri haqqında danışılmış, alətlərin şəkilləri verilmiş, cədvəllər təqdim edilmiş, muğamlarla bağlı müxtəlif məsələlər araşdırılmışdır.
Müəllif əsərin sonunda yazır: “Musiqiyə dairbu risalə çərşənbə günü, 1233-cü ilin rəbiül-əvvəl ayının iyirmisi Qacariyyə hökumətinin dövründə müsəlman Kaşan şçəhərində sona çatdı. Bu yazı əziz və nəcabətli qardaşım Məhəmməd Sadiq Şirvaninin xatirinə qələmə alınmışdır. Ümidvarıq ki, bəndəni Fatihə ilə yad və şad edəcəklər”.
Rauf Şeyxzamanlı “Muğam üstündə oxunan şeirlər” adlanan kitabı da əski əlifbadan transliterasiya etmişdir. Kitabın redaktoru akademik Möhsün Nağısoylu, elmi məsləhətçi Paşa Kərimovdur. Annotasiyada oxuyuuq: “Bu nəşr Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzli adıma Əlyazmalar İnstitutunda B-1236 şifri altında saxlanılan əlyazmanın əsasında hazırlanmışdır. Kitabda muğam üstündə oxumaq üçün naməlum tərtibçinin topladığı ərəb əlifbası ilə yazılmış türkcə şeir nümunələri təqdim olunur. Pirinin, Hüdayinin, Yunis Əmrənin, Zakirinin, Dərviş Osmanın, Qasiminin, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur osmanlı türk şairlərinin şeirlərinin toplandığı əlyazmanın mətni həmin əsərlərin digər mənbələrdə olan mətnindən müəyyən dərəcədə fərqlənir. Hazırkı nəşrdə əlyazmanın mətni dəyişikliyə uğramadan təqdim edilib”.
Kitaba müxtəlif muğamlara uyğun 158 daxil edilmişdir.
Hər iki kitab musiqi ilə məşğul olan tədqiqatçılar, alimlər, doktorantlar və tələbələr üçün dəyərli vəsaitdir. Belə gözəl, maraqlı və dəyərli əsərləri min bir əziyyət, səy və böyük zəhmət bahasına oxuculara təqdim edən Rauf müəllimə yeni uğurlar arzulayırıq.
SONA XƏYAL