Kurskda qanlı döyüşlər gedir - Ukrayna ordusu rusları dayandırmaq üçün əks-hücuma başladı...
Rusiya ordusu Kursk bölgəsində Ukrayna qüvvələrinə qarşı geniş əməliyyata başlayıb. Bunun ardından Ukrayna ordusu da bölgədə bir neçə istiqamətdə əks-hücuma keçib. Bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram səhifəsində bildirib.
Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak da teleqram səhifəsində Ukrayna qüvvələrinin Rusiya ərazisindəki uğurlarından yazıb.
“Kursk bölgəsindən yaxşı xəbər, Rusiya layiq olduğu cavabı alır”, - deyə Yermak əlavə edib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə Rusiya hərbi birləşmələrinin Kursk bölgəsində irəliləyişini dayandırmaq üçün Ukrayna ordusunun əks-hücum əməliyyatına başladığı bildirilib. Açıqlamada Ukraynanın 2 tank, bir texniki və 12 zirehli döyüş maşınından ibarət desant qüvvəsi ilə Berdin istiqamətindən əks hücuma keçdiyi bildirilib.
Açıqlamada, Rusiya Şimal Hərbi Birliklərinin hava və artilleriya qruplarının Ukrayna Silahlı Qüvvələrinin desant qüvvələri üzərinə hücuma keçdiyi və hücum nəticəsində 2 tank, bir texniki maşın və 7 zirehli döyüş maşınının məhv edildiyi bildirilib.
“Ukrayna hərbi birləşmələrinin məhv edilməsi əməliyyatı davam edir” - deyə açıqlamada bildirilir.
TAHİR