Ermənistanın müstəqillik tarixi faşist prezidentlər tarixidir - faktlar təsdiqləyir...
Faşist ideologiyasının Ermənistanda nəsildən-nəslə ötürülən bir təbliğat olduğunu bu ölkənin yeni tarixinə nəzərə saldıqda bir daha görmək mümkündür. Ermənistanın istər keçmiş, istərsə də hazırkı hakimiyyətinin faşist ideologiyasını açıq şəkildə dəstəkləyərək təbliğ etməsi qlobal səviyyədə təhlükə hesab olunur.
Bu, həm də onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişsə də, onların türklərə qarşı nifrət siyasəti ilə bərabər nasistləri qəhrəmanlaşdırmaq siyasəti də məzmunca dəyişmir.
İkinci Qarabağ müharibəsində qalib gələrək regionda yeni reallıqlar yaradan, söz sahibinə çevrilən, beynəlxalq səviyyədə irimiqyaslı layihələrin icrasında fikirlərinə hörmətlə yanaşılan Azərbaycana qarşı düşmənçiliyindən əl çəkmir. Azərbaycanın qalibiyyətini həzm edə bilməyən havadarlarından dəstək alaraq müharibədən 4 ildən çox keçməsinə baxmayaraq, münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində müsbət addımlar atmır. Əksinə, Ermənistanda azərbaycanofobiya, türkofobiya meyilləri gündən-günə daha da güclənir. Bunlar fonunda təsadüfi deyil ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. Belə sərsəm mülahizə məhz bu faşist qavrayışının məhsuludur. Odur ki, bu gün Ermənistan adlanan qədim türk torpaqları yalnız ermənilərdən ibarət monoetnik bir cəmiyyətə ev sahibliyi edir. Ekspertlər qeyd edir ki, ürəklərində bəsləyərək yaşatdıqları nifrət və beyinlərində yuva salmış düşmənçilik onları həyat həqiqətlərini dərk etməkdən məhrum edib. Bunlar fonunda bir məsələni də xatırladaq ki, 2000-ci ilin dekabrında Qarabağ münaqişəsi ilə bağlı kitabı üçün materiallar toplayarkən, Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaal o zaman Ermənistanın müdafiə naziri, sabiq prezident Serj Sarkisyandan müsahibə alıb. Tomas de Vaalın sözlərinə görə, Sarkisyan Xocalı hadisələri barədə suala cavab verərkən “bu məsələdə çox şeyin şişirdildiyini” bildirib, lakin dinc azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi faktını inkar etməyib. Müsahibə zamanı S.Sarkisyan deyib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”.
Bunların ardınca blogger Albert İsakovun Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı aqressivliyi ilə fərqlənən “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışı yayması yeni sensasiyaları üzə çıxardı. Belə ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımə faktlarını etiraf edib. O, 1993-cü il "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun "600 illik problem" olduğunu bildirib. İsakovun fikrincə, bu mətn ermənilərin milli strategiyası və hədəflərini anlamaq, bu cinayətkar dəstənin hansı amallar uğrunda yaşamasını başa düşmək baxımından önəmlidir. Petrosyan 1988-ci ildən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edir, bildirir ki, 5 il əvvəl (çıxış 1993-cü ildə edilib) biz bu hərəkata başlamasaydıq, ümumiyyətlə Qarabağ məsələsi olmayacaqdı. Petrosyan deyir ki, biz 3 məsələni həll etdik: 1. 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcəklər. Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladaraq bildirir ki, təsəvvür edin, indi onlar Ermənistandadır: “Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir”. İsakov bildirir ki, Petrosyan faktiki olaraq azərbaycanlıların silah gücünə qovulmasını təsdiqləyib: “Petrosyan bildirir ki, 3 rayonda, o cümlədən Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etməsi Ermənistan üçün təhdid idi və etnik təmizləmədə silahlı birliklərin rol oynadığını etiraf edir. Petrosyan “Ermənistan təmizləndi” deyir. Zibildən, çirkdən təmizlənmək ola bilər. Petrosyan isə burada canlı insanları, öz yurdunda kompakt yaşayan azərbaycanlıları nəzərdə tutur. Bu, nasizm və gizlədilməyən faşizmdir. Bu gün həmin bu xalq hansısa “etnik təmizləmədən” danışır”. Petrosyan davam edir və ikinci uğur kimi Azərbaycandan 500 min erməninin köçürülməsini göstərir. O bildirir ki, əgər onlar Azərbaycanda qalsaydı, Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Onun fikrincə, 300 min erməni Ermənistana gəldi ki, bu da demoqrafik problemi həll etdi. Petrosyan 3-cü uğur kimi siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini, hərbi baxımdan ideal iş gördüklərini vurğulayır. Bunlar bir daha təsdiq edirki, Ermənistan “əhali yoxdursa, problem yoxdur” yanaşmasından çıxış edərək Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparıb. Xatırladaq ki, Ter-Petrosyan Qarabağda “Miatsum” hərəkatının güclənməsində yaxından iştirak edib və Xankəndidə keçirilən mitinqlərdə çıxış etməklə erməni separatizminə dəstək verib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf yeddi rayonun işğalı Levon Ter-Petrosyanın prezidentliyi dövründə həyata keçirilib. Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayanda hakimiyyətdə Ter-Petrosyan olub. Xocalı soyqırımının, digər ərazilərin işğalı prosesinin və etnik təmizləmələrin icraçıları Robert Köçəryan, Serj Sarkisyan, Samvel Babayan, Monte Melkonyan, Vazgen Sarkisyan, Bako Saakyan, Arkadi Qukasyan, Vitali Balasanyan kimi terrorçular idisə, onlara bu əmri verən Ter-Petrosyan idi. Çünki o, Ermənistan ordusunun ali baş komandanı idi. Ona görə də Birinci Qarabağ müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə, soyqırım cinayətlərinə görə Ter-Petrosyan digər terrorçularla eyni məsuliyyəti daşıyır. Qeyd edilənlər bir daha təsdiq edir ki, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişənin məqsədi məhz etnik təmizləmə həyata keçirməklə monoetnik məkan yaratmaq, Azərbaycan əraziləri hesabına mifik “böyük Ermənistan” yaratmaq olub və indiki Ermənistan hakimiyyəti deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir. O da faktdır ki, Ermənistan rəhbərlərinin məkrli planları məhz prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən iflasa uğradıldı. Qondarma demokratların, terrorçu səhra komandirlərinin planları darmadağın edildi. Tarixi torpaqlarımız 30 ilə yaxın davam edən işğaldan azad edildi. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qayıdıb, Azərbaycanın hər yerində üçrəngli bayrağımız dalğalanır. Yeni hədəfimiz isə növbəti tarixi ədaləti - soydaşlarımızın Qərbi Azərbyacana qayıdışını bərpa etməkdir. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq zəmanət mexanizmi olmalıdır. Ermənistann baş naziri Nikol Paşinyan bunları təmin etməlidir. Amma indilikdə o da Ermənistanın faşist ideologiyasının çiçəklənməsinə xidmət edir.
Tahir TAĞIYEV