Qəbələ RLS-in məşhur binasından indi kim necə istifadə edir?..
Üzeyir Cəfərov: "Qəbələ RLS ərazisindəki yaşayış kompleksini bərpa etməklə 2000 turistin yerləşə biləcəyi hotel qurmaq olar"
Çoxdan unudulmuş Qəbələ RLS bu günlərdə yenidən gündəmə gəldi. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru Namiq Ələkbərov vəzifəsindən azad edildi və onun yerinə RLS-ə rəhbərlik İlkin Şıxqəmzəyevə həvalə edildi.
Xatırladaq ki, fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılan və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınan Qəbələ Radiolokasiya Stansiyasının (RLS) ərazisindən hələ ki, heç bir təyinat üzrə istifadə olunmur.
Qəbələ RLS-in ərazisi dövlət nəzarətindədir. Ərazi bugünə qədər istifadə olunmamış qalır. Dövlət obyekti hazırda mühafizə altında saxlanılır. Gələcəkdə prezident və ya Nazirlər Kabineti nə qərar versə, ona uyğun da istifadə olunacaq. Amma indi həmin ərazi boşdur və heç bir məqsəd üçün istifadə edilmir.
Qəbələ RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olaraq 1985-ci ildə istismara verilib. Texniki parametrlərinə görə dünyada analoqu olmayan 6 min km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadir stansiya olaraq, İran, Türkiyə və Hindistan da daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanına malik olub. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilirdi. Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan stansiyanı Rusiyaya 2002-ci ildən 2012-ci ilə qədər il ərzində 14 milyon dollar ödəmək şərti ilə icarəyə vermişdi.
Bu kompleks hazırda heç bir təyinat üçün istifadə edilmir və kompleksin qorunması üçün "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC yaradılıb. Əlbəttə, bunun üçun ildə müəyyən qədər büdcə vəsaiti xərclənir. Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Qəbələ RLS-in hərbi təyinat üçun istifadə edilməsi Azərbaycanın imkanlari daxilində deyil: "Bu kompleksi Azərbaycan NATO ilə və ya qardaş Türkiyə ilə müştərək şəkildə işlədə bilər. Yəni bu nəzəri baxımdan mümkündur. Amma regiondakı geosiyasi konyunktura buna imkan vermir. Tutaq ki, biz kompleksi Turkiyəyə və ya NATO-ya icarəyə versək, buna strateji müttəfiqimiz olan şimal qonşumuz razı olmayacaq. Ona görə də mən hesab edirəm ki, Qəbələ RLS ərazisi hərbi təyinatli avadanlıqlardan təmizlənərək, mülki obyekt kimi fəaliyyət göstərməlidir. Yalnız bu şəkildə istifadə etsək, biz onun büdcə yükündən qurtulmuş olarıq. Məsələn, vaxtı ilə Qəbələ RLS ərazisində 2000 nəfərlik hərbi kontingent yerləşib. Deməli, onların yaşaması üçun bu ərazidə bütün şərait olub. Qəbələ RLS ərazisindəki yalnız yaşayış kompleksini bərpa etməklə burada 2000 turistin yerləşə biləcəyi hotel kompleksi qurmaq olar. Ehtiyac olarsa yeni hotel də tikmək olar, Qəbələ RLS-in ərazisi 100 hektardan çoxdur. Nəzərə alsaq ki, yaxınlıqda aeroport da var, buranı beynəlxalq turist mərkəzinə çevirmək olar.
Qəbələ RLS keçmiş məxfi obyekt kimi də xarici turistlərin marağını cəlb edə bilər. Həm də ərazinin gözəl təbiəti var. Müxtəlif aspektlərdən bu obyektin mülki piarını təşkil edib, ölkəyə xeyli valyuta gətirmək mümkündür. Amma biz bu cür gəlirli bir obyekti yalnız qoruyub saxlamaq üçün ildə milyonlarla manat vəsait xərcləyirik. Yəni Qəbələ RLS bizə mənfəət gətirə bildiyi halda, dövlət büdcəsinə zərər vurur".
Akif NƏSİRLİ