Könüllü getdi, 1993-də Ağdərədə itkin düşdü - Ramazan Nəcəfoğlunun bacısının gözü hələ yol çəkir...
Gülzar Ramazanova: “Düz 31 ildir ki, itkin düşən qardaşımdan bir xəbər yoxdur, yolunu, xəbərini səbrsizliklə gözləyirik”
Qar daşı,
Qarlı dağdan qar daşı.
Xəstə könlü nar istər
Mənim könlüm qardaşı.
Gülzar xanımın ürəyi hər gün göynəyir, qardaş nisgili qəlbini yandırıb-yaxır. O gün yoxdur ki, qardaşını yada salmasın, yolunu gözləməsin. Yollar elə insafsızdır ki, qardaşını bacısına qovudurmur. 31 ildir ki, hər gün Ramazanın yolunu gözləyir. Deyir ki, qardaşı Ramazan Nəcəfoğlu Birinci Qarabağ müharibəsində itkin düşdüyü gündən indiyə qədər ondan soraq almaq üçün döymədiyi qapı qalmayıb. Qapıların da ki, üzü boz, qulağı kar, dili laldır, bacıya qardaşından heç bir soraq verməz...
31 ildir barəsində heç bir məlumat olmayan, sağ olduğu, yaxud erməni cəlladları tərəfindən öldürüldüyü bilinməyən, mücərrəd taleli
“Atam illərlə gözlədi, ağlamaqdan gözləri də tutuldu, oğul dərdinə dözə bilməyib rəhmətə getdi”
Ramazan Nəcəfoğlunun bacısı Gülzar Ramazanova ilə oktyabrın 4-də Bakı Ekspo Mərkəzində, Lütfi-zadə təqdimat zonasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə hazırladığı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı dörd cildliyin (iki dildə) dördüncü cildinin təqdimatında görüşdük.
“Qardaşım Ramazan Nəcəfoğlu 1958-ci il martın 25-də Bakı şəhərinin Sabunçu rayonun Bakıxanov qəsəbəsində anadan olub. O vaxt bizim qəsəbə “Razin” adlandırılırdı. Qardaşım orda böyüyüb boya-başa çatıb, o qəsəbədə yaşamışıq. Birinci Qarabağ müharibəsinə könüllü getdi. Sabunçu Rayon Hərbi Komissarlığından yola salmışdıq onu. 1993-cü ilin may ayında döyüşə getdi. İyunun 29-da isə bizə onun itkin düşdüyü barədə məlumat verildi. Düz 31 ildir ki, itkin düşən qardaşımdan bir xəbər yoxdur, yolunu, xəbərini səbrsizliklə gözləyirik”.
Gülzar xanım deyir ki, qardaşı Ağdərədə itkin düşüb və ondan sonra heç bir xəbər ala bilmirlər. “Qardaşım hərbiçi deyildi, döyüşə könüllü getmişdi. Ramazan Rusiyada yaşayırdı, orda zavodda qaynaqçı işləyirdi. Uzun illər Rusiyada yaşasa da, 1991-ci ildə Vətənə qaytdı. Dedi ki, ölkəmin ərazisinə təcavüz olunubsa mən seyrçi qala bilmərəm, məhz döyüşmək üçün qayıtmalıyam. O, Krasnoyarsk şəhərində yaşayırdı. Çox yaxşı işçi olduğu üçün zavoddan onu buraxmaq istəmirdilər. Amma israr edib ki, Vətənə getməliyəm, ölkəmə təcavüz olunub. Sonra gəldi könüllü orduya yazıldı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Bir dəfə mart ayında Kəlbəcərdə döyüşmüşdü. Sonra qayıdıb Gəncəyə gəlmişdilər, sonra qayıdıb yenidən döyüş bölgəsinə getmişdi. Demişdi ki, dayana bilmirəm, gedəcəyəm. Bu dəfə Ağdərəyə düşmüşdü. Ağdərəyə də may ayında getmişdi, iyunun 29-da bizə xəbər gəldi ki, itkin düşüblər. Bizə xəbər verən adam da Gəncədən gəlmişdi. Onun da qardaşı onlarla bərabər itkin düşmüşdü. 31 ildir ki, xəbərsizik. Qardaşımın itkin düşməsi xəbərindən sonra Qırmızı Xaç Cəmiyyətinə, Milli Təhlükəsizlik Nazirliyinə (Dövlət Təhlükəsizliyi Xidməti) ərizələr yazmışam, çox yerə müraciət etmişəm, amma xəbər ala bilməmişəm. “Gördüm, yerini bilirəm” deyən olmayıb. Hələ də yolunu gözləyirik. Heç bir zəng edib bizdən nəsə soruşan da yoxdur”.
Qardaşının ailə qurmadığını deyən G.Ramazanova bildirdi ki, Ramazan dörd qardaşının ikincisi olub. “Anam bu hadisədən əvvvəl rəhmətə getmişdi, o bu müsibəti görmədi. Atam illərlə gözlədi, ağlamaqdan gözləri də tutuldu, oğul dərdinə dözə bilməyib rəhmətə getdi. Qardaşıma 2007-ci ildə şəhidlik statusu yeni verilmişdi ki, atam dünyasını dəyişdi. Dərdlə getdi atam...
Heç olmasa nəşi tapılsaydı gözlərimiz yollardan yığılardı, bilərdik ki, o da şəhid olub. Nigarançılıqdan qurtarardıq, məzarı təsəlli yerimiz olardı. Qaradaşım Vətən uğrunda şəhid olub.
Döyüşdə uşaqlar deyirmişlər ki, üstümüzə qranat bağlayaq, erməni gələndə özümüzü partladaq. Bilmirəm ki, özünü partladıb, ya yox? Heç nə bilmirəm. Hərə bir söz deyir, ona görə də deyilənlərə inanmıram. Deyirlər ki, guya tanklar gəlirdi biz qaçırdıq, nəyinsə partladığını eşitdik. Bu mümkün deyil. Qızğın döyüşün içində sən tankın gəldiyini hardan görə bilərsən? Hərə bir söz danışır. Deyilənlərə inanmadıq. Ən doğru məlumat rəsmi xəbər olar. Yenə də gözləyirik...”-deyə G.Ramazanova bildirdi.
Badamı var,
Gözləri badamı var.
Qardaş, gəl gir qapımdan
Desinlər adamı var...
Gülzar xanım hər gün gözləyir, deyir ki, bir gün qardaşı haqda xəbər gələcəyinə ümid edir...Nə deyək, ümid sonda ölür...
İradə SARIYEVA