QHT Gəncədə layihə həyata keçirir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Uşaq Evində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası” adlı layihə həyata keçirilir. Layihə “Sağlam ruh, sağlam cəmiyyət naminə uşaqların psixoloji reabilitasiyası” adlı şüarla həyata keçirilir. Üç aylıq layihə çərçivəsində valideyn himayəsindən məhrum olan uşaqlara, ixtisaslı psixoloq tərəfindən psixoloji reabilitasiya xidməti göstərilir. Reabilitasiya xidməti on iki mövzu ətrafında aparılır. Uşaqlarla keçirilən hər seans ayrı-ayrı mövzulara həsr olunur. Layihə çərçivəsində keçirilən altıncı seansın mövzusu “uşaqlarda və yeniyetmələrdə özünütərbiyə” mövzusuna həsr edildi.
Bildiyimiz kimi, yeniyetmədə özünüdərketmə ilə yanaşı özünütərbiyə də yaranıb təkminləşir. Bu iki keyfiyyətin inkişaf etməsi yeniyetmənin həyat və fəaliyyətinə təsir edir. Yeniyetməlik dövründə uşaqların davranış və rəftarında əvvəlki yaş dövrlərində müşahidə edilməyən yeni xüsusiyyətlər özünü göstərməyə başlayır. Hələ yeniyetməliyin əvvəlində o qədər də fərqlənməyən uşaq sanki birdən birə dəyişir, yaşlılaşır. Bu cür dəyişmə çox vaxt böyüklər üçün gözlənilməz olur, yeniyetmənin böyüklər üçün o qədər də rəğbətlə qarşılanmayan davranışında təzahür edir. Həmin dövrdə uşaq şəxsiyyətinin inkişafında bir çox yetkinliklər, dəyişikliklər, törəmələr baş verir.
Layihənin bu seansında yeniyetmənin öz üzərində işləməklə, ilk növbədə, öz şəxsi davranışındakı qüsurları aradan qaldırmağa, özündəki zəif cəhətləri ləğv etməyə, özünü güclü, bacarıqlı və müstəqil aparmağa imkan verən şəxsiyyətin müsbət keyfiyyətlərini formalaşdırması üçün müəyyən elmi üsullardan , testlərdən istifadə olundu. Aparılmış tədqiqatlardan aydın oldu ki, yeniyetmələr birinci növbədə özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində möhkəm iradəli adama xas olan cəsarət, mərdlik, dözümlülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə can atırlar. Özünütərbiyə mövzusundakı bu seansda yeniyetmələrə ən çox özlərində düzlük, mehribanlıq, rəhmlilik, səxavətlilik, dosta, yoldaşa qarşı sadiqlik, daima ona kömək etməyə hazır olmaq və s. kimi keyfiyyətləri özlərində tərbiyə etmələri öyrədildi.