Lukaşenko Qarabağda 420 ailəlik qəsəbə saldıracaq - böyük jest...
Vüqar Bayramov: “Azərbaycan hökuməti ilə Belarus arasında strateji münasibətlər inkişaf edir və daha da dərinləşir”
İşğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Bu prosesdə həm yerli, həm də xarici dost ölkələrin şirkətləri iştirak edir. Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır. Bu barədə jurnalistlərə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç məlumat verib.
O bildirib ki, aqroşəhərcik kimi konkret yaşayış məntəqəsinin salınması planlaşdırılıb: “Biz Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada məqsədimiz insanları təkcə rahat mənzillərlə təmin etmək deyil, həm də onlara münasib iş yerləri vermək istəyirik. Düşünürəm ki, yaxın bir neçə ay ərzində biz bununla bağlı konsepsiyanı hazırlayaraq azərbaycanlı həmkarlarımıza təqdim edəcəyik".
“Qarabağda 420 ailə üçün yaşayış məntəqəsinin inşa edilməsi məskunlaşma prosesinə dəstək olacaq”
Belarusun Qarabağda qəsəbə salmasının əhəmiyyəti haqqında danışan millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Belarus Azərbaycanın haqq işinə dəstək olur: “Bu ölkə həm 44 günıük Vətən müharibəsi zamanı, həm də Qarabağın bərpasında ölkəmizin yanındadır. Belə bir dəstəyin olması vacib olmaqla yanaşı, iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirir. Azərbaycan hökuməti ilə Belarus arasında strateji münasibətlər inkişaf edir və daha da dərinləşir”.
Millət vəkili onu da əlavə etdi ki, Qarabağda 420 ailə üçün yaşayış məntəqəsinin inşa edilməsi məskunlaşma prosesinə dəstək olacaq: “Vətəndaşlarımız daha qısa müddət ərzində öz doğma yurdlarına geri qayıdacaq”.
V.Bayramovun sözlərinə görə, bütövlükdə Azərbaycanın haqq işinə dəstək olan, Azərbaycanla dost-qardaş və stateji müttəfiqlik münasibətləri nümayiş etdirən ölkələrin bərpa və yenidənqurma prosesinə cəlb edilməsi gözlənilir: “Qarabağda genişmiqyaslı bərpa işləri həyata keçirilir və keçiriləcək. Bu baxımdan prosesdə iştirak edəcək ölkələrin sayının çoxalacağı gözləniləndir. Xüsusən də müasir standartlı və innovativ texnologiyanın cəlb edilməsi üçün inkişaf etmiş ölkələrin prosesə cəlb edilməsi məqsədəuyğundur”.
Günel CƏLİLOVA