Azərbaycanda 1 şagirdli məktəblər büdcə vəsaitini necə xərcləyib?..
Elşən Qafarov: “Əhalinin sayının azalması məktəblərdə təhsil alanların sayına da təsir edir”
Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblərin sayı açıqlanıb. Maraqlı məqam ondan ibarətdir ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir.
Maraqlıdır, 1 şagirdi olan məktəblərdə neçə müəllim dərs deyir? Ümumiyyətlə, bu kimi məktəblərin illik büdcəsi nə qədər olur? Bu kimi suallarımıza cavab tapmaq üçün təhsil eksperti Elşən Qafarova müraciət etdik.
“Dövlətin az şagirdi olan məktəbə xərclədiyi vəsait itkiyə getmir, həm də onun sosial tərəfləri var”
E.Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Konstitusiyanın 42-ci maddəsində hər bir vətəndaşın təhsil alma hüququ təsbit olunub. Urbanizasiya ilə bağlı olaraq insanlar kəndlərdən şəhərə köçür. Bu səbəbdən də bəzi kəndlərdə əhalinin sayı azalıb: “Əhalinin sayının azalması məktəblərdə təhsil alanların sayına da təsir edir. Bir çox hallarda şagird sayı az olan məktəblər qonşu ərazilərdə olan məktəblərlə birləşir. Ancaq elə məktəblər də var ki, yaxınlıqdakı ərazidə məktəb olmadığı üçün həmin təhsil müəssisəsi 1 şagird olsa belə fəaliyyət göstərir. Bu hal daha çox ibtidai məktəblərdə qeydə alınır. Hazırda 7 məktəbdə yalnız 1 şagird təhsil alır. Hər bir azərbaycanlının təhsil alma hüququ olduğu üçün şagird sayı 1 olsa belə o təhsilini davam etməlidir. Onu da deyim ki, dövlət şagird sayı az olan məktəblərin saxlanmasına, təhsil prosesini davam etməsinə icazə verir. Bir şagirdin təhsili üçün hansı fənn müəllimləri tələb olunursa o qədər də pedaqoq təhsil ocağında çalışır. Onu da deyim ki, dövlətin az şagirdi olan məktəbə xərclədiyi vəsait itkiyə getmir. Həm də onun sosial tərəfləri var. Həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlər iş yerini itirir. Bu da dövlətin sosial siyasətinə ziddir”.
Günel CƏLİLOVA