Paşinyanın Putinə qarşı yeni gedişləri - Moskva isə hələ də İrəvanı müttəfiq sayır...
Ramil Məmmədli: “Roma Statutunu ratifikasiya etdiyinə görə, faktiki olaraq, Putin İrəvana ayaq basa bilmir”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, İrəvanın təşkilatın tədbirlərində iştirak etməməsinə baxmayaraq, Ermənistanı özünə müttəfiq hesab edir”. Bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov KTMT-nin quruma üzv ölkələrin liderlərinin iştirakı ilə Astanada təşkil olunan iclasında deyib:
“Təşkilatın üzvlüyünü dondurduğunu elan edən Ermənistan yenə də sammitdə iştirak etmir. Lakin İrəvan əvvəllər bəyan etmişdi ki, onlar bu görüşlərdə nəzərdə tutulan sənədlərin qəbuluna etiraz etmirlər”.
Qeyd edək ki, Paşinyan bir neçə dəfə ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib. Bu ilin sentyabrında isə Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyə təhdid adlandırıb və İrəvanın qurumla münasibətlərdə geri dönüş nöqtəsinin keçdiyini bəyan edib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Niderland Krallığına işgüzar səfər edib. Məlum olub ki, fevralda Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinə daxil olduqdan sonra nazir Mirzoyan ilk dəfə olaraq Haaqada BCM-nin İştirakçı Dövlətlərin 23-cü Assambleyasının sessiyasında iştirak edəcək. Halbuki, BCM 17 martda Ermənistanın strateji müttəfiqi Rusiyanın lideri Putin haqda həbs qərarı çıxarıb. Ermənistan isə bu qərardan sonra Roma Statutunu ratifikasiya edib.
Bir belə həngamədən sonra bunlar yenə deyir ki, KTMT Ermənistanı özünə müttəfiq hesab edir.
“Bütün bunlardan sonra hansı müttəfiqlikdən söhbət gedə bilər?”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Rusiyanın və patronu olduğu KTMT-nin Ermənistana hələ də müttəfiq gözü ilə baxması gülüncdür: “Yəni daha nə baş verməlidir ki, Rusiya KTMT-də Ermənistandan əlini üzsün? Ermənistan qədər son illər KTMT-ni yerdən-yerə vuran, urvatsız edən ikinci bir ölkə təsəvvür etmək çətindir. KTMT-nin tədbirlərinə qatılmır, təlimlərində iştirak etmir, Paşinyan bu təşkilatı təhdid mənbəyi kimi təqdim edir. Roma Statutunu ratifikasiya etdiyinə görə, faktiki olaraq, Putin İrəvana ayaq basa bilmir. Paşinyan da açıq deyir ki, Avrasiya İqtisadi İttifaqının toplantısı İrəvanda yox, Sankt-Peterburqda keçirilsin. Yəni məni Putini həbs etmək seçimi ilə üz-üzə qoymayın. Bunun açması budur. Üstəlik, KTMT üzvü olan Ermənistan NATO hərbçilərinə qucaq açır, onlarla birlikdə təlimlər keçirir, hərbi əməkdaşlığı dərinləşdirir. Paşinyan deyir Ermənistan KTMT-də fəaliyyətini dondurub. Rusiya rəsmiləri isə deyir ki, KTMT nizamnaməsində “fəaliyyəti dondurmaq” maddəsi yoxdur. Bu dərəcədə paradoksal vəziyyətdən və qeyri-müəyyənlikdən sonra Ermənistanı müttəfiq hesab etməyin özü sadəcə qeyri-ciddilikdir. Bütün bunlardan sonra hansı müttəfiqlikdən söhbət gedə bilər?”.
Vidadi ORDAHALLI