İsrailli general ABŞ və Körfəz ölkələrini Əsədi müdafiə etməyə çağırdı - qatil, diktator olsa da, İsrail üçün sərfəlidir...
İsrailin istefada olan zabiti Yisrael Ziv Suriyada Əsəd rejiminin devrilməsi ehtimalının İsrail üçün böyük risq yaradacağını bildirib.
Müxalifətin İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi olan Colan təpələrində cəbhə açması ehtimalından danışan İsrail general-mayoru Ziv Əsədin mövcudluğunun İsrailin təhlükəsizlik maraqları üçün daha yaxşı variant olduğunu vurğulayıb.
“Əsəd rejiminin devrilməsi ehtimalı bütün regionun sabitliyi üçün çox problemlidir. Bu, İsrail üçün böyük risq olardı. “Təhrir əş-Şam” və digər sələfi təşkilatları İsrail sərhədinə gələ bilər və Qolanda İsrailə qarşı dördüncü cəbhə açıla bilər” - deyə general bildirib.
Onun sözlərinə görə, Suriyanın dağılması İsrailin təhlükəsizliyi üçün pis xəbərdir: "Çünki Əsəd qatil, diktator və xalqına qarşı qəddar olsa da, İsrailin təhlükəsizlik maraqları baxımından daha yaxşı nəzarət qabiliyyətinə malikdir. Onun zəifliyi regionda yeni qeyri-sabitlik dövrü yaradan regional rəqabətə səbəb olar".
Ziv bildirib ki, İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri regional koalisiya quraraq Əsəd rejimini gücləndirməlidir: “Bölgəmizin mürəkkəbliyini, güc təşkilatlarının və maraqlarının çoxluğunu nəzərə alsaq, ABŞ, Körfəz ölkələri, Səudiyyə Ərəbistanı və İsraildən ibarət güclü regional koalisiya olmadan sabit həll yolu ola bilməz və olmayacaq. Əsəd rejimi belə bir razılaşmanın himayəsi altında Rusiya və İran olmadan da gücləndirilə bilər”.
TAHİR