Yaponiyada hökümət istefa verdi, yeni baş nazirin adı açıqlandı
Yaponiyada Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib. Bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. Bildirilir ki, sabiq Baş nazir Fumio Kişidanın kabinetində yer alan bütün hökumət üzvlər istefa ərizələrini yazıblar. Yaxın saatlarda yeni hökumət formalaşacaq. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Siqeru İsiba rəhbərlik edəcək. Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib.
Qeyd edək ki, 67 yaşlı Siqeru İsiba seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verib. O, bərpa olunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmağın tərəfdarıdır.
Mətləb Salahov