Azərbaycan 3 ölkənin enerji sistemlərini birləşdirmək təşəbbüsünü davam etdirir...
Fuad İbrahimov: “Azərbaycan bu gün öz enerji təhlükəsizliyi proqramı üzərində çox uğurlu addımlar atır”
“Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır”. Bu fikri avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə deyib.
“Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır”, - deyə Prezident Əliyev vurğulayıb.
“Azərbaycan, Özbəkistan və Qazaxıstan kimi qardaş ölkələrin bir sistemə qoşulması vahid sistemin yaranması deməkdir”
Azərbaycanın 3 ölkənin enerji sistemlərini birləşdirmək təşəbbüsünü davam etdirməsinə şərh verən iqtisadçı eskpert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Azərbaycan dünyanın ən aktual problemlərindən biri olan enerji təhlükəsizliyi proqramı üzərində çox mühüm addımlar atır: “Fikir verirsizsə, Azərbaycan bu gün öz enerji təhlükəsizliyi proqramı üzərində çox uğurlu addımlar atır. Bu addımlar istər Qərb, istər Şərq, istər Cənub, istərsə də Şimal istiqamətində atılır. Birincisi, nəzərə almaq lazımdır ki, postpandemiya dövrü dünya iqtisadiyyatında, ümumiyyətlə dünyanın bir sıra məsələlərində iqtisadi nöqteyi-nəzərdən əməlli-başlı dəyişikliklər edib. Baxışlar dəyişib. Bu gün artıq lider ölkələrə münasibətdə söhbət təkcə oların iqtisadi qüdrətindən getmir. Eyni zamanda elastik dəhlizlərə sahib olan, həmçinin də enerji təhlükəsizliyi olan ölkələr liderlər sırasına rahatlıqla çıxa bilir. Parametrlər dəyişib, burda artıq ticarət dövriyyəsi, investisiya cəzaibədarlığı ondan asılı olacaq. Bu baxımdan görürsüz ki, biz uğurla irəliləyirik. İlk növbədə ölkəmizin daxilində ənənəvi enerji mənbələri ilə yanaşı alternativ enerji mənbələrinin iqtisadi dövriyyəyə cəlb olunması proqramını tam əminliklə yerinə yetiririk. Proses də gedir. Artıq alternativ enerji mənbələri ilə bağlı Azərbaycana milyardlarla investisiya yatırılır”.
F.İbrahimov qeyd etdi ki, artıq Qara dəniz üzərindən “yaşıl enerjinin” ixracı siyasəti, texniki əsaslandırma sənədlərinin üzərində işlər gedir. “Bu proses də əsaslandırılır. Eyni zamanda təsəvvür edin ki, Azərbaycan Qazaxıstanla, Özbəkistanla bu sahədə əməkdaşlıq memorandumu imzalayıb. Bu ölkələrin də alternativ enerji mənbələrinin, eyni zamanda ənənəvi enerji mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımından da bunun Azərbaycan üzərindən digər enerji ehtiyacı olan ölkələrə ixrac olunması bir platforma kimi gündəmə gətirilir”.
F.İbrahimovun fikrincə, mədən enerjisinin tükənməsi, mədən enerjisindən kənarlaşmalar nəticəsində alternativ enerji mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində qısa müddətdə nailiyyətləri görəcəyik. “Biz görəcəyik ki, bu zaman alternativ enerjiyə hansı səviyyədə, necə ehtiyaclar yaranacaq. Belə bir halda Azərbaycan, Özbəkistan və Qazaxıstan kimi qardaş ölkələrin bir sistemə qoşulması vahid sistemin yaranması deməkdir. Vahid sistemin yaranması o deməkdir ki, biz Şərqlə Qərb arasında elastik, cazibədar, hər şeyi özündə birləşdirən bir dəhliz yaradacağıq. Sonradan kimlərsə bu dəhlizin alternatvlərini yaratmaq istəyəndə artıq gec olacaq.
O zaman kəsimində bütün bölgənin biznes maraqları bu dəhlizdə olacaq. Bu baxımdan, biz öz ideoloji, perspektivli siyasətimizi çox uğurla irəli aparırıq. Sözügedən məsələdə Qazaxıstan və Özbəkistanla enerji sistemlərinin birləşdirilməsi üzrə “yaşıl enerji” ilə bağlı əməkdaşlıq memorandumunun imzalanması da dediyim siyasətə xidmət edən bir tədbirdir” - deyə F.İbrahimov qeyd etdi.
İradə SARIYEVA