İşdən çıxarılan icra başçısı onun əmlakları olduğu iddia olunan siyahıdan danışdı - Bunu etməsəm, kişi deyiləm...
Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimov KİV-ə açıqlamasında bir sıra saytlarda yayılan, əmlaklarının olduğu iddia olunan siyahıya münasibət bildirib:
O, deyib ki, bu tamamilə yalan məlumatdır: "Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdi. Həmin vaxtı onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O, əmlakları onlara bağışlamasam, kişi deyiləm”.
Qeyd edək ki, KİV-də icra başçısı vəzifəsindən azad edilən T.Hüseynovun olduğu iddia edilən mülklərin siyahısı dərc edilib. Onun Ağdaş ərazisində fermaları, hektarlarla torpaq sahələri, meyvə bağları, Bakıda, Qəbələdə hətta İngiltərədə, Türkiyədə otel, villa və mənzillərinin olduğu bildirilir.
NAMİQ