Deputatlar sertifikatlaşdırma imtahanında nə gördülər...
Arzu Nağıyev: “Təxminən 10 nəfərdən soruşdum, hamısı 50 baldan yuxarı toplamışdı”
İyunun 22-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.
İnfoturda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Fatma Yıldırım, Jalə Əliyeva, Könül Nurullayeva, Arzu Nağıyev və Vüqar Bayramov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, şura üzvü Elçin Əzimli iştirak edib.
Tədbirdə ilk olaraq sertifikatlaşdırmanın təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimlədiyi infotur iştirakçılarının diqqətinə çatdırılıb, prosesin keçirilmə qaydaları və digər məsələlər müzakirə olunub.
Qeyd edilib ki, ölkə üzrə 27 imtahan mərkəzində keçirilən imtahanların ikinci gününə ingilis dili fənnini tədris edən təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarına ölkə üzrə ümumilikdə 9 797-yə yaxın müəllim dəvət edilib.
Sonda infotur iştirakçıları imtahan prosesini izləyib, iştirakçılar üçün yaradılan şəraitlə yaxından tanış olublar.
Sertifikatlaşdırma imtihanları ilə bağlı infoturda iştirak edən milllət vəkili Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən infotur 161 saylı orta məktəbdə keçirildi: “Əsasən ingilis dili müəllimlərinin sertifikatlaşma prosesini izlədik. Əvvəlcədən qeydiyyatdan keçmiş müəllimlər şəxsiyyət vəsiqəsilə təqdim olundular. Sonra zala buraxıldılar. İmtahanın keçirildiyi zalda hərtərəfli şərait yaradılmışdı. Hər xətdə bir neçə nəzarətçi prosesi izləyirdi. Heç bir maneə olmadan, hər hansı problem yaranmadan verilən suallara cavab verirdilər. Özlərinin dediyinə görə, normal təşkil edilmiş prosesdir. Həmin prosesdə də, əsasən ixtisaslarına uyğun olaraq ciddi suallar var və onlara ciddi şəkildə cavab veriıdi. Kurikulumla bağlı əlavə suallar da mövcud idi. Biz hətta gözlədik, müəllimlər imtahandan çıxandan sonra onlarla fərdi söhbət apardıq. Təxminən 10 nəfərdən soruşdum, hamısı 50 baldan yuxarı toplamışdı. Belə olanda stimul da olur. Məvaciblərinə əlavələr olunacaq. Ümumən proses gözəl təşkil olunmuşdu. Elm və Təhsil Nazirliyinin rəhbərliyi orda idi. Daha dəqiqi, nazir müavini Firudin Qurbanovla görüşdük. Deputatlar və mütəxəssislərin iştirakı ilə müzakirələr apardıq. Həmin günü təxminən 25 məntəqədə bu proses gedirdi. Bir sözlə, çox ciddi irəliləyiş var. Əvvələr belə proseslərdən narazılıq olurdu. Hazırda isə bu imtahanlar lazımi standartlara uyğun təşkil edilib. İştirakçı müəllimlərdən isə heç bir narazılıq eşitmədik. Düşünürəm ki, müəllimlər həm imtahanın gedişindən, həm də suallardan razı idilər”.
Məhəmmədəli QƏRİBLİ