Avropa Birliyi Ermənistana hərbi dəstəyi artırır - General Brigger nələri müzakirə etdi...
Elxan Şıxəliyev: “Harda ziddiyət yaranacaqsa, onun məsuliyyəti də Ermənistanın üzərində qalacaq”
Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının (Aİ) Hərbi Komitəsinin sədri Robert Briggerlə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş Təhlükəsizlik və Müdafiə üzrə Şuman Forumu çərçivəsində baş tutub. Qeyd olunub ki, tərəflər regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər. Eləcə də, gələcək üçün hərbi sahədə əməkdaşlıq barədə razılığa gəliblər. Artıq bu istiqamətdə neçənci addım atılır. Ermənistanla Azərbaycan sülh sazişi imzalamaq ərəfəsindədir. Belə əməkdaşlıq sülh sazişinin imzalanmasına nə kimi təsir göstərə bilər?
Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan müdafiə nazirinin Avropa İttifaqının təhlükəsizlik üzrə mütəxəssisləri ilə görüşləri Ermənistanın hələ də təhlükəsizliyinin tam təmin olunmamasından irəli gələn bir ehtiyacdır: “Ermənistan açıq şəkildə bildirir ki, onun klassik variantda təhlükəsizliyinin mümkün ola biləcək təminatçısı Rusiya olmayacaq. Görünən odur ki, artıq Rusiya ilə iplər qopmuş vəziyyətdədir. İndi Rusiya ilə 102-ci bazanın, Federal Sərhəd Xidmətinin əsgərlərinin çıxarılmasına tam nail olmasa da, Ermənistan təhlükəsizliyinin təminatına zəmanəti Avropa İttifaqında, yaxud oraya daxil olan ölkələrdə görür. İndi Ermənistanın bir ehtiyacı da var. Hərbi-texniki arsenalın yerinin doldurulması bu ehtiyaca aiddir. Axtarışlar içərisində Fransa, Yunanıstan, Avropa İttifaqına daxil olan ölkələrlə hərbi - texniki əməkdaşlığı hələ də davam etdirir. Amma düşünür ki, bu kifayət deyil. Gələcəkdə Avropa İttifaqına inteqrasiya etmiş olarsa, digər Avropa ölkələri ilə əməkdaşlıq üzərindən addımlar atılacaq. Amma bunun sülh sazişinə mane olub- olmaması Ermənistan tərəfindən yerinə yetirilə biləcək, Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərdən keçəcək. Öhdəliklər də nədən ibarətdir? Sərhədlərin tanınması ən azından başlayıb. Ermənistanın kommunikasiyaların açılması yönündə atacağı addımlar da var. Bizim gözləntilərimiz bunun üzərindəndir. İndi nə qədər Avropa İttifaqı ilə Ermənistan hərbi-texniki əməkdaşlığa meyllənmiş olsa da, əslində yaxşı bilirlər ki, onların təhlükəsizliyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçəcək. Belə bir halda Azərbaycanla sülh sazişi imzalanmış olsa, Türkiyə ilə sərhədlər açılmış olsa, Ermənistan üçün yeni bir reallıq yarana bilər. Təbii ki, sonrakı mərhələdə Rusiya ilə münasibətlərini, Rusiyanın çətirinin altından, KTMT - dan çıxma mərhələsini özləri müəyyənləşdirəcəklər. Ermənistan axtarışlar içərisindədir. Gözləntiləri Rusiya-Ukrayna müharibəsində Rusiyanın vəziyyətinin nə olacağıdır. İndi İrəvan Avropa İttifaqına ehtiyatla yanaşır. KTMT - dən çıxmağa, 102 - ci bazanı çıxarmağa tələsmir. Ermənistanın atdığı bu addımlarda bir az qeyri - müəyyənlik var. Ona görə də indi ehtiyatlanmasının səbəbi bəllidir. Çünki üçüncü qüvvələrin, xüsusilə də Avropa İttifaqına daxil olan ölkələrin hərbi gücünün Cənubi Qafqaza gətirilməsi region ölkələrinin istəyi xaricindədir. Ona görə də, Ermənistanın bu niyyəti olsa da, gələcəkdə real olmasını mümkün görmürəm. Sülh sazişinin beynəlxalq qüvvələrin, ikinci ölkələrin siyasi hərbi gücünün müşaiyəti altında imzalanmasında Ermənistan nə qədər maraqlı olsa da, Azərbaycan bunu inkar edir. İkitərəfli qaydada Azərbaycan sülh sazişinin nədən keçəcəyini izah edir və mərhələ-mərhələ də ona yaxınlaşır. Harda ziddiyət yaranacaqsa, onun məsuliyyəti də Ermənistanın üzərində qalacaq”.
Məhəmmədəli QƏRİBLİ