Məişət zorakılığından zərər çəkənlərə pulsuz hüquqi yardım proseduru müəyyənləşdi
Cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakı təmin ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Prosessual Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi, yaxud məişət zorakılığından zərər çəkmiş şəxs tələb etdikdə, cinayət prosesini həyata keçirən orqan cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, yaxud məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərilməsi üçün cinayət prosesində vəkilin iştirakını təmin etməlidir.
Həmçinin, qanuna əsasən, zərər çəkmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada məişət zorakılığı ilə bağlı cinayət işi üzrə pulsuz hüquqi yardımdan istifadə etmək hüququna malik olacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllədə nəzərdə tutulmuş qaydada ödəniləcək. məişət zorakılığından zərər çəkmiş şəxsə pulsuz hüquqi yardım göstərildikdə vəkilə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə daxil ediləcək.