"Bolt" taksiləri yanvardan qiyməti 2-3 dəfə qaldıracaq...
Yanvarın 1-dən etibarən "Bolt" taksi şirkəti gediş haqlarının hesablanmasında dəyişiklik edəcək. Bu barədə adıçəkilən taksi şirkətində çalışan sürücülər məlumat yayıb.
Məlumata görə, yeni ildən etibarən, hər kilometrə görə əlavə 70 qəpik hesablanacaq ki, bu da minimal gediş haqqının ( 2,50 AZN) üzərinə gələcək. Belə ki, 5 manata gedilən hər hansı bir yol, bu hesablamalardan sonra 12-13 manat təşkil edəcək. Bu da 2-3 dəfəyədək bahalaşma deməkdir.
"Bolt" taksi sürücüsü - Vüqar Həsənov: “Gediş haqqının artırılması gözlənilir, bizə bu barədə şirkətdən məlumat verilib”
"Bolt" taksi sürücüsü Vüqar Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, gediş haqqının artırılması gözlənilir: “Bizə bu barədə şirkətdən məlumat verilib. Sözün düzü, hazırki qiymətlərlə işləmək bizə, bütün sürücülərə sərf etmir. Sürücülərin bəzisi avtomobili icarəyə götürüb. Belə olan halda hər gün avtomobilə görə 25 manat icarə haqqı ödənilir. Özümüzə 20-30 manat gəlir ancaq qalır. Əvvəlki kimi müştəri bolluğu yoxdur. Qiymətlər bahalaşdıqca taksilərə də tələbat azalır. Hamı imkan daxilində özünə şəxsi avtomobil alır ki, taksiyə pul ödəməsin. Əhalinin maddi vəziyyəti taksi sürücülərinin də gəlirlərinə təsir göstərir".
Aslan Əsədov: “Qiymətlərin minimal gediş haqqına təsir etməsi vətəndaşların bu nəqliyyat növündən istifadəsinə təsir edəcək”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün “Bolt” taksi sürücüləri ilə bağlı xaos yaşanır: “Bu şirkət maşını olan istənilən şəxsi işə qəbul edir. Onlar üçün əsas olan odur ki, şəxsin avtomobili olsun və nəqliyyat vasitəsin xodlaya bilsin. Bu qədər. Bu şirkətin iş prinsipi budur”.
Ekspert hesab edir ki, taksilərdə qiymət artımı gözlənilir. Qiymətlərin minimal gediş haqqına təsir etməsi vətəndaşların bu nəqliyyat növündən istifadəsinə təsir edəcək. Qiymət artımı taksidən istifadə edənlərin sayına təsir edəcək: “Xüsusən də yaxın məsafələr üçün gediş haqqının artması xoş qarşılanmayacaq. Qısa məsafə üçün 2 manat 50 qəpik gediş haqqının 3 manat 50 qəpik olması istər-istəməz narazılığa səbəb olacaq. Belə olan halda ənənəvi taksi xidmətinə geri qayıdılacaq. Yəni sərnişinlər şirkət taksilərinə deyil, fərdi şəkildə taksi kimi xidmət göstərənlərə müraciət edəcək”.
Günel CƏLİLOVA