Fransa parlamenti hökuməti devirdi... Makrona da "istefa ver" mesajı göndərildi - indi növbə sənindir...
Fransa Milli Assambleyası Mişel Barnier hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. Etimadsızlıq qətnaməsini 577 deputatdan 331-i dəstəkləyib, yəni onun qəbulu üçün tələb olunan 288 səsin mütləq əksəriyyətindən 43 deputat çox səs verib.
Beləliklə Fransa parlamenti prezident Makronun parlament seçkilərindən sonra min hiylə ilə qurduğu Barnier hökumətinə etimadsızlıq göstərərək onu istefa verməyə məcbur edib.
Səsvermədən sonra solçular prezident Makronu istefaya getməyə və növbədənkənar prezident seçkiləri keçirməyə çağırıblar.
"Biz indi Makronu getməyə çağırırıq" - deyən “Əyilməz Fransa” (“La France insoumise-LFI”) partiyasının prezidenti Matild Panot jurnalistlərə bildirib ki, ölkədə dərinləşən siyasi böhranı həll etmək üçün erkən prezident seçkiləri keçirilməlidir.
Qeyd edək ki, Barnier iyul ayında qalmaqallı parlament seçkilərindən sonra sentyabr ayında Makron tərəfindən təyin edilib. O, 1962-ci ildən bəri vəzifəsindən kənarlaşdırılan ilk Fransa baş naziri oldu. O həm də səlahiyyət müddəti 1958-ci ildən bəri ən qısa müddətli baş nazir kimi müasir Fransa tarixinə düşdü.
Bu, həm də o deməkdir ki, Avropa İttifaqının ikinci ən böyük iqtisadiyyatı, maliyyə bazarları üçün narahatlıq yaradan artan büdcə böhranını həll edə bilməyəcək müvəqqəti hökumətin ümidinə qaldı.
İfrat sağçılar təxminən 3 aya yaxındır hakimiyyətdə olan Barnier hökumətinin qurulmasına səssiz qalaraq dəstək vermişdilər, lakin 2025-ci ilin büdcə layihəsi ilə bağlı hökumətlə razılığa gələ bilməmişdilər.
Xatırladaq ki, parlamentdə etimadsızlıq səsverməsindən əvvəl CSA sorğu institutunun “Avropa 1”, “Cnews” və “Le Journal du Dimanche” üçün apardığı sorğunun iştirakçıları (62 faizi), Barnye hökuməti istefaya göndəriləcəyi təqdirdə Makronun da istefaya getməsini istədiklərini bildirib.
Ancaq buna baxmayaraq, Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətindədir. O, bildirib ki, parlament ölkənin hazırkı hökumətinə etimadsızlıq göstərsə belə, istefa verməyəcək.
Tahir TAĞIYEV