Rusiya İrana S-400 hava hücumundan müdafiə sistemləri göndərməyə başladı...
Amerikanın “New York Times” qəzeti yazır ki, Rusiya Tehranın tələbi ilə İrana S-400 hava hücumundan müdafiə sistemləri göndərməyə başlayıb.
İyulun 31-də HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran və İsrail arasında gərginliyin artması fonunda ortaya çıxan bu xəbəri İran media mənbələri də təsdiqləyib.
Adı açıqlanmayan İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü də Rusiyadan tələb olunan S-400 sisteminin İrana gəldiyini bildirib.
Qeyd edilir ki, S-400 hava hücumundan müdafiə sistemi ilə yanaşı, avqustun 5-də Rusiya İrana GT-01 Murmansk-BN elektron müharibə sistemləri (EHS) də göndərib.
Hərbi analitiklər vurğulayırlar ki, İran Ordusu İsrailin raket və hava hücumlarına qarşı bu iki sistemi almaq üçün hərəkətə keçib.
Rusiyanın İrana göndərdiyi S-400 hava hücumundan müdafiə sistemlərinin sayı hələlik sirr olaraq qalır, sistemlərin yerləşəcəyi bölgələr məlum deyil.
İran Hava Hücumundan Müdafiə Qüvvələrinin inventarında hazırda 2016-cı ildə alınmış S-300PMU-2, 9K37 BUK və 9K330 TOR sistemləri yer alır.
TAHİR