Azərbaycan tarixinin dövrləşdirilməsi və digər metodoloji məsələləri
Tarix üzrə fəlsəfə doktoru, dosent AKİF NAĞI təqdim edir.
Azərbaycan tarixi dünya tarixinin tərkib hissəsi olaraq öyrənilir. Lakin tariximizin fərqli cəhətləri nəzərə alınmalıdır. Xüsusilə də, Azərbaycan tarixinin dövrləşdirilməsi məsələsinə diqqət yetirilməlidir. Dünya tarixinin dövrləşdirilməsi ilk növbədə istehsal və ictimai münasibətlərin xarakteri, sosial təbəqə və siniflərin bir-birini əvəz etməsi, dini və digər ideoloji cərəyanların meydana gəlməsi, inqilabların baş verməsi kimi əlamət və xüsusiyyətlərə əsaslanır. Bu yanaşma bəzi ölkələrin, xüsusilə Şərq ölkələrinin, o cümlədən Azərbaycanın tarixi ilə bağlı özünü doğrultmur. Dünya tarixinin mərkəzinə Avropanın bəzi ölkələrini yerləşdirən avrosentrizm (Avropa mərkəzçiliyi) nəzəriyyəsi kifayət qədər tənqidlərə məruz qalır və reallıqları əks etdirmir. Dünya tarixinin əsas istiqamət və xüsusiyyətlərini nəzərə almaqla, hər bir ölkənin tarixinə fərdi yanaşma daha doğru olardı.
Avropa, İran, rus, sovet tarixşünaslığı tərəfindən saxtalaşdırılan, həmçinin erməni yalanları ilə tanınmaz hala salınan, oğurlanan Azərbaycan tarixinin konsepsiyası, o cümlədən dövrləşdirilməsi müəyyən dəqiqləşdirmələr tələb edir. XX əsrin 20-ci illərində ingilislər Pəhləviləri hakimiyyətə gətirdikdən sonra böyük vəsaitlər hesabına regionda Azərbaycan izinin olmadığını “sübut etmək” üçün Azərbaycan tarixini “İran tarixi”, Azərbaycan dövlətini “Persiya dövləti”, “İran dövləti” kimi təqdim etməyə, bu mövzuda kitablar, filmlər yaratmağa, nağıllar uydurmağa başladılar. Bu “konsepsiya” Azərbaycandan başqa hamıya sərf edirdi. Hətta bu günə qədər Türkiyədə də oxşar mövqeni müdafiə edənlər kifayət qədərdir. Ona görə də bu yanaşmaya bir dəfəlik son qoyulmalı, öz tariximizi özümüz yazmalı, yazdıqlarımıza özümüz inanmalı, sonra isə başqalarını da inandırmağı bacarmalıyıq, dövlətimizə, tariximizə sahib çıxmalıyıq.
Dövrləşdirmə ilə bağlı dövlətçilik, ərazi-coğrafi yerləşmə, etnik-dil mənsubiyyəti, mədəni-mənəvi dəyərlər kimi prinsiplər əsas götürülməli, dövlətin paytaxtının yerləşdiyi ərazi də nəzərə alınmalıdır.
Aparıcı prinsip olaraq dövlətçilik, dövlətin yaranması, inkişafı, keçdiyi mərhələlər əsas götürülməlidir. Ərazi-coğrafi prinsip dövlətin meydana gəldiyi, mövcud olduğu sərhədləri, etnik-dil mənsubiyyəti aparıcı etnosun müəyyənləşdirilməsini, mədəni-mənəvi dəyərlər düşüncə, həyat tərzi, ideoloji-dini baxışların birliyini nəzərdə tutur. Dövlətin paytaxtının xalqın əsrlərlə yaşadığı ərazidə yerləşməsi də nəzərə alınmalıdır. Bu prinsiplərin içərisində həlledici rol dövlətin mövcudluğuna bağlıdır. Dövlət varsa, deməli, xalq da artıq formalaşıb. Çünki dövləti insan sürüsü, qəbilə, tayfa yarada bilməz, yalnız xalq yarada bilər. Xalq isə vahid ərazidə yaşayan, ümumi danışıq dilinə sahib olan, vahid mədəni-mənəvi-dini birliyə malik olan insan toplumunun məhsuludur. Bu cür formalaşmış xalq dövlətini yarada bilər. Dövlətin yaranması ilə xalqın, millətin, əslində dövlətin özünün tarixi başlayır.
Deyilənləri nəzərə alaraq, Azərbaycan tarixini aşağıdakı dövr və mərhələlərə bölürük:
1) Dövlətçiliyin ilkin dövrü.
Dövlətəqədərki mərhələ və ibtidai insan münasibətlərinin formalaşması.
Azərbaycan dövlətinin yaranması və inkişafı (e.ə. III-II minilliklər).
2) Klassik dövlətçilik dövrü (e.ə. I minillik- y.e. III əsri).
Azərbaycan dövləti Manna, Mada (Maday), Sak-skif, Əhəməni sülalələrinin hakimiyyəti illərində (e.ə. X-IV əsrlər).
Adərbayqan və Arran sülalələrinin hakimiyyəti (e.ə. IV- y.e. III əsrləri).
3) Nisbi müstəqillik və müstəqilliyin bərpa olunması dövrü (III-XII əsrlər).
Azərbaycan xalqının Sasani və Ərəb işğalına qarşı mübarizəsi.
Azərbaycanın müstəqilliyinin bərpa olunması, yeni sülalələrin hakimiyyətə gəlməsi (IX-XII əsrlər).
4) Azərbaycan dövlətinin imperiya dövrü (XII-XVIII əsrlər).
Eldənizlər sülaləsinin yüksəlişi və süqutu.
Moğolların işğalçı yürüşləri və Hülakülər sülaləsinin hakimiyyəti.
Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti.
Səfəvilər sülaləsinin hakimiyyəti.
5) Siyasi pərakəndəlik dövrü (XVIII əsrin ikinci yarısı-XX əsrin əvvəli).
Azərbaycan xanlıqları.
Azərbaycanın bölünməsi. Rusiya işğalı və işğala qarşı mübarizə.
6) Müasir dövlətçilik dövrü.
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər).
Azərbaycan və Sovet imperiyası.
Dövlət müstəqilliyinin bərpa edilməsi və möhkəmləndirilməsi.
Bu dövrləşdirmə ona əsaslanır ki, beş min il əvvəl, e.ə. III minilliyin birinci yarısında Azərbaycan dövləti meydana gəlib və fasiləsiz olaraq bu günə qədər mövcudluğunu davam etdirib. Yalnız müəyyən dövrlərdə Azərbaycan işğal olunub, lakin işğal şəraitində də nisbi müstəqilliyini saxlayıb, qısa müddətdən sonra müstəqilliyini bərpa edib. Vacib bir məsələ də qeyd olunmalıdır ki, Azərbaycan dövləti daim mövcud olub, yalnız hakimiyyətə gələn sülalələr dəyişib. Ona görə də, məsələn, “Aratta dövləti”, “Kuti dövləti” və yaxud “Səfəvi dövləti” kimi ifadələr deyil, “Aratta adlandırılan Azərbaycan dövləti”, “Kutilər sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti”, “Səfəvilər sülaləsinin hakimiyyətdə olduğu Azərbaycan dövləti” və sair ifadələr işlədilməlidir.
Dövlətin sülalə adı ilə adlandırılması Azərbaycan tarixinin təhrif olunmasına xidmət edir. Avropada, Rusiyada müxtəlif sülalələr hakimiyyətdə olub, amma heç kim “Tüdorlar dövləti”, “Stüartlar dövləti”, Burbonlar dövləti”, “Rürixlər dövləti”, “Romanovlar dövləti” ifadəsini işlətmir. Amma Azərbaycan dövlətini 50-100 ildən bir yeni dövlət kimi təqdim edir və bunu riyakarlıqla xalqın bu qədər dövlət yaratmaq qabiliyyəti olaraq təqdim edirlər. Əslində, bu, Azərbaycan dövlətçiliyinin bəsitləşdirilməsi cəhdidir və məkrli niyyətlərdən xəbər verir. 50-100 ildən bir dövlət dəyişməmiş, yeni sülalələr hakimiyyətdə bir-birini əvəzləmişdir.
Dövlətlərin adı ilə bağlı da məsələyə aydınlıq gətirilməlidir. Rusiya XVIII əsrə qədər Moskva knyazlığı adlanırdı, İngiltərə, Fransa dövlət adları XV-XVI əsrlərdən işlənməyə başlayıb, Almaniya və İtaliya XIX əsrin ikinci yarısında siyasi pərakəndəliyə son qoyub dövlət olublar. Bu və digər dövlətlər bunlara baxmayaraq, ən qədim dövrlərdən başlayaraq özlərini “Fransa dövləti”, “Almaniya dövləti”, “Rusiya dövləti” və sair kimi təqdim edirlər. Azərbaycana gəldikdə isə, bu adın az qala paleolit dövründən üstümüzdə olduğunu təsdiq edən möhürlü sənəd tələb edirlər. Əlbəttə, nəyisə sübut etməyə ehtiyac yoxdur, hər şey göz önündədir. Sadəcə, göz önündə olanları görmək istəmirlər.
Bir daha tariximizin dövrləşdirilməsinin vacibliyini qeyd edir və konkret dövrlər üzrə vəziyyəti qısa şəkildə təqdim edirik. Azərbaycan insanın formalaşdığı, burada yaşayan insanların bütün inkişaf mərhələlərini ardıcıl olaraq keçdiyi, qədim insan yaşayış məskənləri ilə zəngin olan dünya boyunca bir neçə ərazidən biridir. Bu proses e.ə. IV minilliyin sonu- III minilliyin əvvəlində qanunauyğun olaraq dövlətin yaranmasına gətirib çıxarmışdır. E.ə. III minilliyin birinci yarısında qonşuların Aratta adlandırdığı Azərbaycan dövləti yarandı, məlum və məşhur hökmdarı Sukuşsirannanın adı ilə Sukuşsirannalılar sülaləsi tərəfindən idarə edildi. Onlardan sonra hakimiyyətə Lullubi və Kuti sülalələri gəldi. Daha sonra onları Kas və ya Kassi sülaləsi əvəz etdi. Nisbətən qısa müddət ərzində, e.ə. II minilliyin sonlarında Azərbaycanda hərbi-siyasi vəziyyətə Turukki, Su sülalələri nəzarət etdi.
E.ə. I minilliyin əvvəllərində Azərbaycan dövlətində yerli Manna və ya Mana sülaləsi hakimiyyətə gəldi, onları Maday sülaləsi, qısa müddətə Sak-Skif-İskit sülaləsi əvəz etdi. Bu vaxta qədərki sülalələrin hamısı protoazərbaycan (qədim azəri), prototürk (qədim türk), azəri və ya türk dilli olub. Yerli, amma fars dilli Əhəmənilər sülaləsi e.ə. VI əsrdə Maday sülaləsini devirərək hakimiyyəti ələ keçirib. Onlar yeni dövlət yaratmayıblar, Azərbaycan dövlətinin başına keçiblər. Onların yüksəlişi yunanların meydana çıxması ilə eyni vaxta düşüb, aralarında müharibələr olub, yunanlar onları əvvəlki tarixə nəzər salmadan dövlətin qədim sahibi kimi qəbul edib, “Əhəmənilər dövləti”, “farsların dövləti” ifadələrini ortaya gətiriblər, həmin vaxtdan da yanlış tarixi yanaşma, İran dövləti deyilən saxta tarix başlayıb.
Makedoniyalı İsgəndərin zərbələri altında Əhəmənilər süqut edib, hakimiyyətdən gedib. Yadellilərin təxminən 10 il davam edən hakimiyyətindən sonra yerli, türk-azəri dilli Adərbayqanın Atarpatilər sülaləsi hakimiyyətə gəlib, Azərbaycanın cənubunda dövlətçiliyi davam etdiriblər. Arazdan şimala doğru torpaqlarımızda isə Azərbaycan dövlətinin mövcudluğu türk Aranlılar sülaləsi tərəfindən davam etdirilib. Türk-skif soyundan olan Parfların Arsaklılar sülaləsi Parfiya imperiyasını qurub. Bu qohum sülalənin bir qolu Azərbaycanın cənubunda, digəri isə şimalında hakimiyyətə gəlib.
Y.e. III əsrində fars mənşəli Sasanilər sülaləsi Parfiyada arsaklıları məğlub edərək hakimiyyətə gəlib və işğalçı kimi Azərbaycana daxil olub. Sasanilərin vaxtında Azərbaycanın şimal hissəsi nisbi müstəqilliyini qoruyub, yerli arsaklı, mehrani sülalələri əsasən hakimiyyətlərini saxlayıblar. Azərbaycanın cənub hissəsi dini-ideoloji mərkəz olaraq xüsusi statusa, nisbi müstəqilliyə malik olub, bölgənin dini rəhbərləri müəyyən məsələlərdə şahlardan üstün mövqedə olublar. Sasani işğalı Ərəb dövlətinin hərbi təcavüzü ilə əvəz olunub, Azərbaycan əraziləri Xilafətin tərkibinə daxil edilib. Azərbaycan dərhal təslim olmayıb, təxminən 100 il ərəb hücumlarına müqavimət göstərib. Ərəb hakimiyyətinin bərqərar olmasından cəmi 50 il sonra isə güclü azadlıq mübarizəsi, Xürrəmilər hərəkatı başlayıb, IX əsrin əvvəllərində Babəkin rəhbərlik etdiyi hərbi-siyasi qüvvə Azərbaycan dövlətini bərpa edib.
Babəkin başçılığı altında hərəkatın məğlubiyyətindən az sonra Azərbaycanda azadlıq mübarizəsi yenidən geniş vüsət alıb, yerli sülalələr hakimiyyətə qayıdıb, Azərbaycan dövləti mövcudluğunu davam etdirib. Məzyədilər sülaləsi əsasən Azərbaycanın şimalında hakimiyyətini bərqərar edib, 861-ci ildən 1538-ci ilə qədər burada Məzyədlər, onlara qohum olan Kəsranilər və Dərbəndilər sülalələri hökmranlıq edib. Azərbaycanın cənub torpaqlarında Cacilər, Salarilər, Rəvvadilər bir-birini əvəz edib, Rəvvadilərin vaxtında Kür-Araz çayları arasında yerləşən ərazidə Şəddadilər sülaləsi yüksəlib. Bu sülalələrin bəziləri müəyyən vaxtlarda cənub və şimal torpaqlarımızı birləşdirərək, Vahid Azərbaycan dövlətini idarə ediblər.
Səlcuqların regiona gəlişi eyni türk soylarının birləşməsi kimi dəyərləndirilməlidir. Səlcuqlular yerli Rəvvadilər, Şəddadilər, Kəsranilər sülalələrinin hakimiyyətinə dərhal son qoymadılar, əslində Səlcuqlu dövləti mərkəzi bölgəsi Azərbaycan olmaqla quruldu, Azərbaycan-Səlcuqlu müştərək dövləti kimi fəaliyyət göstərdi. Təsadüfi deyil ki, Səlcuqlu sultanlarının varisləri Azərbaycanın Gəncə şəhərində otururdu.
Azərbaycan dövlətinin imperiyaya çevrilməsi prosesi də Səlcuqlu dövlətinin içərisindən başladı. Eldənizlər sülaləsi Səlcuqlu dövlətindəki dayaqlarına söykənərək, Azərbaycanın bütün ərazilərini birləşdirdi, Azərbaycan imperiyasına doğru ilk addımı atdı. Bu xətt Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin vaxtında davam etdirildi, ciddi uğurlar əldə olundu. Bu proses Səfəvilərin dövründə yüksək nöqtəsinə çatdı, dünyanın ən böyük və güclü imperiyalarından biri yarandı. Azərbaycan imperiyası uzun müddət mövcud oldu, son illərində zəiflədi və yeni sülalənin- Əfşarların hakimiyyətə gəlməsi ilə sonuclandı, qısa müddətə olsa da, Azərbaycan imperiyasının Səfəvilər dönəmindəki mövqeyi bərpa olundu, hətta xeyli irəliləyiş əldə edildi. Bu dövrü “Persiyan, Persiya dövləti, imperiyası” kimi təqdim etməyə çalışan Qərb, rus, sovet, İran tarixşünaslığı həqiqətdən çox uzaqdır. Türk sülaləsinin hakimiyyətdə olduğu, türk dilinin rəsmi dil elan edildiyi, fars dilinin, faktiki olaraq, qadağan olunduğu bir ölkəni “Persian, Persiya” adlandırmaq yalnız düşmənçilik, vicdansızlıq kimi dəyərləndirilə bilər.
Əfşarların devrilməsindən sonra ölkə siyasi pərakəndəlik dönəminə daxil oldu, xırda dövlətlərə- xanlıqlara parçalandı. Bu vəziyyət qonşu ölkələrin işğalçılıq hərəkətlərinə təkan verdi. Yerli sülalələr vəziyyətdən çıxmaq, mərkəzləşmiş dövləti bərpa etmək üçün təşəbbüslər etdi. Bu prosesdə Şimalda Qarabağın Cavanşirlər, Şəkinin Hacıçələbilər, Qubanın Fətəlixanlılar sülalələri, Cənubda Əfşarlar, Qacarlar, Zəndilər sülalələri olmaqla güc mərkəzləri yarandı. Sonda Qacarlar sülaləsi üstün oldu, Azərbaycanın cənub torpaqlarını və digər əraziləri öz hakimiyyəti altında birləşdirdi, Şimal torpaqlarını da birləşdirmək cəhdi Rusiyanın müdaxiləsi ilə üzləşdi və Rusiya Azərbaycanın Şimal torpaqlarını işğal etdi. Həmin vaxtdan Azərbaycan dövlətçiliyi Cənub torpaqlarımızda davam etdirildi. Lakin Qərb, rus rəsmiləri, eyni zamanda tarixçiləri əvvəlki illərdəki saxtakarlığı davam etdirərək, qeyri-rəsmi qaydada həmin əraziləri “İran” dövləti kimi təqdim etməyə başladılar. Əslində, təmiz türk Qacarlar sülaləsi tərəfindən idarə olunan Azərbaycan dövləti idi. Azərbaycanın Şimal torpaqları isə Rusiyanın tərkibində ərazi-inzibati, etnik tərkib əlahiddəliyini saxlamaqla mövcudluğunu davam etdirdi. Tarixin ironiyasıdır ki, əsrlərlə “Azərbaycan” adlandırılan Cənub torpaqlarımıza “İran” damğası vuruldu, daha çox “Arran” adı ilə tanınan Şimal torpaqlarımıza münasibətdə isə “Azərbaycan” adı möhkəmləndi.
Şimali Azərbaycanda dərhal başlayan azadlıq mübarizəsi 100 ildən sonra qələbə ilə nəticələndi, Azərbaycan dövləti bərpa edildi, yeni tipli, parlamentli dövlət- Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. AXC az vaxt ərzində ciddi uğurlara imza atdı, lakin rus irticasının yeni dalğası qarşısında dayana bilmədi. Rəngini dəyişərək Sovet imperiyasına çevrilən Rusiya yenidən Şimali Azərbaycanı işğal etdi. Əvvəlki birbaşa işğaldan fərqli olaraq, bu dəfə imperiyanı “respublikaların könüllü ittifaqı” kimi təqdim etməyə çalışdılar. Digər ərazilər kimi, Azərbaycanın da formal müstəqilliyi saxlanıldı. Ona görə də bu illəri Şimali Azərbaycanın nisbi müstəqillik və İkinci Respublika mərhələsi kimi qəbul etmək olar. Cənubda hadisələr daha bədbin məcrada davam etdi. Babilərin, Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin mütləqiyyətə, şah rejiminə qarşı mübarizəsi türk Qacarların hakimiyyətdən getməsi, onların fars Pəhləvilərlə əvəzlənməsinə gətirib çıxardı. Ölkə rəsmi qaydada fars İran dövlətinə çevrildi. Pişəvərini milli hüquqları təmin etmək, Müsəddiqin dövlətin xarakterini dəyişdirmək, Şəriətmədarinin İslam inqilabından yararlanmaq cəhdləri nəticə vermədi, həmçinin müasir dövrdə aparılan mübarizənin də real hədəfləri bəlli deyildir.
Şimali Azərbaycanda azadlıq, müstəqillik uğrunda mübarizə nəticəsini verdi, Sovet imperiyası dağıldı, Azərbaycan dövləti bərpa olundu, beş min illik dövlətçiliyimiz davam etdirildi. Ermənistanın təcavüzünə qarşı azadlıq müharibəsi aparıldı, düşmən məğlub edildi, ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olundu. Azərbaycan müasir dünyanın tələblərinə uyğun olaraq siyasi, iqtisadi, sosial münasibətlər sistemini qurdu və bu yolda uğurlu fəaliyyətini davam etdirir.
Beləliklə, bu dövrləşdirmə, digər metodoloji məsələlər nəzərə alınmalı, tədqiqat, tədris, təbliğat işlərində əsas götürülməlidir.
Ədəbiyyat:
1. Ağasıoğlu (Cəlilov) F. Azər xalqı. Bakı, “Ağrıdağ”, 2000.
2. Azərbaycan tarixi, I cild (Z. Bünyadov və Y. Yusifovun redaktəsi ilə). Ali məktəblər üçün dərslik. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
3. Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri. (AMEA Tarix İnstitunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun təqdimatı).- azertag.az/xeber/azerbaycan_tarixinin_dovrlesdirilmesi_konsepsiyasi_ve_inkisaf_merheleleri-2748324.
4. Dəmirçizadə Ə. 50 söz. Bakı, “Gənclik”, 1968.
5. Hüseynov İ. İdeal. Bakı, “Yazıçı”, 1986.
6. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
7. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
8. Yusifov Y. Qədim Şərq tarixi. Bakı, “Bakı Universiteti”, 1993.
P.S. Yazı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, t.e.d., professor Kərim Şükürovun təşəbbüsü ilə başlanan müzakirələr və “Tarixi İrsi Araşdırmalar Qrupu” tərəfindən keçirilən dinləmələr nəzərə alınmaqla hazırlanıb.