İsrailə qarşı 4 ən fəal ölkənin ittifaqı - işin başında Türkiyə var...
Elşad Həsənov: “Bu ölkələrin birgə İsrailə qarşı mübarizə aparması, vahid mövqedən çıxış etməsi real görünmür”
İranın İsrailə raket hücumundan sonra regional eskalasiyanın genişlənməsi risqləri artdı. Tehranın hədəfi bu hücumla İsraili çəkindirmək, xüsusilə ABŞ başda olmaqla, onun müttəfiqlərinə Təl-Əvivin dayandırılması mesajını vermək məqsədi daşıyırdı. Ancaq məlum olur ki, İsrail gərginlikdə və bunun miqyasının genişlənməsində maraqlıdır.
Çünki İsralin Livana hava zərbələrindən sonra quru əməliyyatlarına başlaması vəziyyəti daha da dramatkləşdirir. Hadisələrin bu istiqamətdə inkişafı getdikcə qaçılmaz hala çevrilir və regional müharibənin baş verməsi təhlükəsi artır.
O da məlumdur ki, İsrailə qarşı ən aktiv mövqe sərgiləyən Livan, Suriya, İran və Türkiyədir. O baxımdan bu 4 ölkənin İsrailin hücumlarını, təcavüzünü dayandırmaq üçün bir regional daimi məsləhətləşmə qurumu yaratması nə dərəcədə realdır? Belə bir ehtimal nə dərəcədə real görünür? Ola bilərmi bu 4 ölkə məsləhət-məşvərət çərçivəsində bir platforma yaratsın?
“Çünki Türkiyə və İranın Yaxın Şərqdə maraqları toqquşur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, belə bir birlik bir qədər mürəkkəb görünür: “Qəzzada baş verənlərin artıq 1 ili tamam oldu. Məhz 7 oktyabr 2023-cü ildə HƏMAS qüvvələri İsrailə hücum etdi və ötən müddət ərzində 50 min nəfərdən çox adam ölüb. 42 mindən çox fələstinli həlak olub. Onların əksəriyyəti mülki şəxslərdir. Fələstində əməliyyatlar çərçivəsində İsrail böyük dağıntılar törədib, milyonlarla insan qaçqın düşüb. Bütün bunlar azmış kimi, İsrail Livana hücum edərək HİZBULLAH-a zərbələr endirir. Ancaq buna baxmayaraq, bunun əziyyətini mülki insanlar çəkir. Beyrut hər gün bombalanır. Qısa müddət ərzində 1 milyon nəfər Livan sakini qaçqın düşüb. İsrail həm də Suriyaya zərbələr endirir. HİZBULLAH rəhbəri Həsən Nəsrullah öldürüləndən sonra bu təşkilatın komandir heyətinin də məhv edilməsi prosesi gedir. Görünən odur ki, Yaxın Şərqdə müharibə arealı daha da genişlənir. Netanyahu bəyan etdi ki, İsrail hazırda 7 cəbhəyə qarşı müharibə aparır. Görünən odur ki, İranın Yaxın Şərqdəki proksi qüvvələri birləşib birgə İsrailə qarşı mübarizə apara bilmədilər. İsrail əvvəlcə HƏMAS-ı məhv etdi. Baxmayaraq ki, çoxsaylı beynəlxalq çağırışlar oldu, amma İsrail dayanmadı. İndi də HİZBULLAH-ı məhv edirlər. Bütövlükdə, İsrailin hücumu Livanla yanaşı, Suriya, İran və Türkiyənin maraqlarına qarşı yönəlib. Türkiyə prezidenti Ərdoğan bu günlərdə bəyan etdi ki, İsrailin növbəti hədəfi Türkiyədir. Bütün bunların fonunda, İran, Türkiyə, Suriya və Livanın birgə İsrailə qarşı mübarizə aparması, vahid mövqedən çıxış etməsi real görünmür. Çünki Türkiyə və İranın Yaxın Şərqdə maraqları toqquşur. Suriya da Türkiyə ilə birgə belə bir platformada təmsil olunmaqda maraqlı deyil. Ona görə ki, həm tərəflər arasında ziddiyətlər var, həm də Suriyada Rusiya və İranın təsiri böyükdür”.
Vidadi ORDAHALLI